Enerji içkilərinin sağlamlığımıza təsiri

Bölmə: Sosial › ,
Tarix: 21:52 18.04.2025

 

Tərkibində yüksək miqdarda kofein olan enerji içkiləri ,xüsusilə, uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükə yaradır. Həddindən artıq enerji içkilərinin istehlakı kofein zəhərlənməsi riskini artırır.

 

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, burada əsas günah bu cür içkiləri reklam edən məşhurlar və uşaqları nəzarətsiz qoyan valideynlərdədir:

 

“Çox təəssüf ki, gənclər arasında, hətta məktəblilər arasında enerji içkilərinin istehlakı çoxalıb. Burada əsas günahkar və səbəblərdən biri bu cür içkilərin məşhurlar tərəfindən reklam olunması, insanlar arasında maarifləndirmənin olmaması və valideyn nəzarətsizliyinin olmasıdır. Əvvəlcə  cür içkilərin ziyanlarını sadə və anlaşılan şəkildə, səbrlə başa salmaq və məlumatlandırmaq lazımdır".

 

Ekspert enerji içkilərinin zərərlərindən də danışıb:

 

“Enerji içkilərinin tərkibindəki yüksək kofein və şəkər sağlamlıq problemlərinə səbəb ola bilər. Müntəzəm və ya həddindən artıq istehlakdan sonra yüksək kofein qəbulu ürək döyüntüsü, başgicəllənmə, qan təzyiqinin yüksəlməsi və əsəbilik yaradır. Eyni zamanda, yüksək şəkər tərkibi uzun müddətdə çəki artımına və digər metabolik problemlərlə nəticələnir. Yüksək glisemik indeks dəyərinə malik enerji içkiləri qanda şəkərin qəfil artmasına səbəb ola bilər ki, bu da uzun müddətdə sağlamlığa ciddi ziyan vurur. Bu cür enerji içkiləri çox ciddi şəkildə asılılıq yaradır. Enerji içkilərinin beyin funksiyalarını artırmaq və ya idman performansını artırmaq xüsusiyyəti qətiyyən yoxdur. İdmanla məşğul olmamışdan əvvəl enerji içkisi içən insanlarda ürək ritmləri daha da artır və bu davamlı şəkildə təkrarlanarsa ürək sağlamlığına çox ciddi zərər verə bilər. Enerji içkilərinin əvəzinə idmana başlamazdan əvvəl su için. Qida dəyəri yox dərəcəsindədir. Sadəcə yüksək miqdarda kofein və şəkər. Bu isə bizə heç bir fayda vermir”.

 

Sonda ekspert valideynlərə müraciət edib:

 

“Maariflənin, öyrənin və övladlarınızı bu cür ziyanlı qidalarla təkbaşına buraxmayın. Sağlam qidalanaraq sağlam yaşayın!”.

 

Lalə Qurbanlı