Dünyada sosial ədalətsizlik və varlı-kasıb fərqinin dərinləşməsi

Tarix: 22:23 18.04.2025
Dünyada sosial ədalətə, bərabərliyə ehtiyac var. Bu gün dünya humanitar fəlakətlərdən əziyyət çəkir. Humanitar problemlərin təzahürü kimi də, məhz sosial ədalətin pozulması, bərabərsizlik qlobal hal kimi insanları narahat edir. Təsadüfi deyil ki, BMT 2015-ci ildə “Dayanıqlı inkişaf”məqsədləri ilə bağlı sənəd qəbul eləyib və Azərbaycan da 2016-cı ildə qatılıb. Biz görürük ki, böyük dövlətlər öz maraqlarını güdür və digər ölkələrin daxili işlərinə qarışırlar.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda dünyada müharibə qaçqınlarının sayı 70 milyondan yuxarıdır:
“Müharibələr nəticəsində 70 milyon insan məhz ədalətsizliyin qurbanı olub. Böyük dövlətlərin imperiya maraqları kiçik xalqları narahat edir. Məhz böyük dövlətlərin cahangirlik ehtirası bu sosial ədalətsizliyi kölgələyir. İnsanları kölə vəziyyətinə salır. Sosial ədalətsizliyin ilk səbəbi: Böyük dövlətlərin müharibə ehtirasları ilə bağlıdır. Xüsusi korperativ maraq qrupları var ki, müxtəlif qruplaşan maliyyə oliqarxları daha da, zənginləşmək üçün antihumanist addımları atırlar.
Dəhlizlər, dənizlər, ərazi uğrunda dövlətlərin əksəriyyəti insanları sosial ədalətsizliklə qarşı-qarşıya qoyurlar. Qlobal miqyasda təbii fəlakətlər nəticəsində də, insanların həyatı çətinləşir.Azərbaycan hər zaman böyük dəstək rolunu oynayıb. Dünyaya humanist mesajlar ötürür, ədalətli çağırışlar edir. Cənab İlham Əliyev bu günlərdə dünya liderlərinə sosial ədalətin qorunması ilə bağlı çağırışlar edir. Biz əgər sabit, sakit dünyada yaşamaq istəyiriksə, ədaləti bərqərar etməliyik. Çox təssüflər olsun ki, böyük dövlətlər müharibələr ehtirasına düşür və nəticədə onun qurbanları bütün bəşəriyyət olur”.
Asiman Vəliyeva