"İranla nüvə proqramı üzrə danışıqlara başlamağa hazırıq"

Bölmə: Dünya › ,
Tarix: 21:49 21.04.2025

İsrail İranla məsələnin diplomatik yolla həllinə hazırdır, bunu İsrailin xarici işlər naziri Gideon Saar The Telegraph qəzetinə müsahibəsində deyib. O, New York Times qəzetində İsrailin may ayında İrana hücum etməyi planlaşdırdığı barədə yayılan xəbəri təkzib edib.

 

Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Təl-Əvivin əsas məqsədi, İranın nüvə silahı hazırlamayacağından tam əmin olmaqdır:

 

"Bu məqsədlə İsrail bütün mümkün vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib. Bundan əvvəl İsrail rəsmi şəkildə açıqlayıb ki, zəruri hal yaranarsa, İranın nüvə və strateji hərbi obyektlərinə raket zərbələri endirilə bilər. Lakin ABŞ və İran arasında keçirilən görüşlər bu istiqamətdə atılacaq addımların təxirə salınmasına səbəb olub. İndi isə ehtimal edilir ki, ABŞ-dən sonra İsrail də İranla nüvə məsələsinə dair birbaşa görüşlərə başlaya bilər. Çünki İsrail və İran arasında gərginliyin daha da artmasına hazırda ciddi ehtiyac qalmayıb. İranın dəstəklədiyi proksi qüvvələr — Hizbullah və HƏMAS — xeyli zəifləyib, onun əsas strateji müttəfiqlərindən biri olan Bəşər Əsəd rejimi isə artıq süquta uğrayıb. Digər tərəfdən, ABŞ və İsrail husilərə qarşı hərbi əməliyyatları da getdikcə gücləndirir. Belə bir şəraitdə İranın regional təsir gücünün azalması İsrail üçün əlavə üstünlüklər yaradıb. Təl-Əviv yaranmış bu fürsətdən istifadə edərək İranla münasibətləri nizamlamaq niyyətindədir. İlkin mərhələdə əsas diqqət nüvə proqramına yönəlsə də, bu istiqamətdə razılıqlar əldə olunacağı təqdirdə, gələcəkdə digər sahələr üzrə də münasibətlərin normallaşması güman edilir. Bütün bu proseslərin uğuru isə əsasən ABŞ-İran arasında davam edən danışıqların nəticələrindən asılı olacaq. Əgər bu dialoq müsbət nəticələnərsə, mümkün İsrail–İran danışıqları regionda gərginliyin azalmasına və daha balanslı münasibətlər mərhələsinə keçməyə imkan yarada bilər".

 

Siyasi şərhçi əlavə edib ki, bəzi media orqanlarında yayılan hücum xarakterli xəbərlər vəziyyəti daha da mürəkkəbləşdirməyə və İranı təhdid etməyə yönəlib:

 

"İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, İsrailə qarşı hərbi cavab tədbirlərinə hazırdırlar. Lakin bu bəyanatlar daha çox ritorik xarakter daşıyır. Əsas fakt budur ki, ABŞ və İran arasında diplomatik təmaslar davam edir. İsrail isə bu danışıqlara qoşulmağa və nüvə proqramı ilə bağlı məsələləri müzakirə etməyə açıq mövqe sərgiləyir. Qalan məsələlər isə hələlik rəsmi təsdiqini tapmayıb və onlara ehtiyatla yanaşılmalıdır".

 

Aytən Ağazadə