CHP sədri Özgür Özelin hakimiyyətlə bağlı açıqlaması

Tarix: 22:17 21.04.2025
CHP sədri Özgür Özel "X" sosial şəbəkəsindəki hesabında paylaşıb:
“Növbəti seçkilərdə hakimiyyətə gələcək partiyanın sədri kimi söz verirəm. Demokratiya və azadlıq gələcək, heç kim öz gələcəyindən narahat olmayacaq".
Məsələ ilə bağlı politoloq Oqtay Qasımovun “İnformator.az”a verdiyi açıqlamaya görə, Özgür Özel öz tərəfdar kütləsini səfərbər etmək məqsədilə bu cür açıqlamalar verir:
“Özgür Özel, Kamal Kılıçdaroğludan sonra rəhbərliyə gələn şəxsdir. Bu müddət ərzində partiya onun rəhbərliyi ilə bələdiyyə seçkilərində mühüm qələbələr qazandı. Məhz bu səbəbdən hazırda Özgür Özel iddialı açıqlamalarla çıxış edir. Şübhəsiz ki, hər bir partiyanın əsas məqsədi sonda hakimiyyətə gəlməkdir. Əlbəttə, CHP Türkiyənin köklü partiyasıdır və hazırda parlamentdə təmsil olunan ikinci ən güclü partiyadır. Türkiyənin böyük şəhərlərinin əksəriyyətində bələdiyyə sədrləri bu partiyanın üzvləridir.
Ancaq parlament seçkiləri ilə prezident seçkiləri arasında fərq olduğu aydındır. Belə ki, prezident seçkilərində əhali partiyalarla yanaşı, həm də prezidentliyə namizədin şəxsi keyfiyyətlərini əsas götürür. Hazırda Türkiyədə keçiriləcək seçkilərlə bağlı dəqiq fikir bildirmək çətindir. Lakin bunu demək olar ki, partiyalar və şəxslər hakimiyyətə gəlməzdən öncə çoxsaylı vədlər verirlər, lakin hakimiyyətə gəldikdən sonra onların bir qismini reallaşdırmaq mümkün olmur. Əsas səbəb ondan ibarətdir ki, bəzi vədlər reallıqlarla üst-üstə düşmür. Bu məsələni də bu kontekstdə qiymətləndirmək lazımdır: Özgür Özel də tərəfdarlarını səfərbər etmək məqsədilə bu tip bəyanatlarla çıxış edir.
CHP-nin hakimiyyətə gəlmək ehtimalı var, lakin bu, seçkilər ərəfəsindəki ictimai-siyasi vəziyyətdən və əhalinin əhval-ruhiyyəsindən asılı olacaq".
Fatimə Şahverdiyeva