Azərbaycanın əmək bazarında yeni reallıq formalaşır-ŞƏRH

Tarix: 11:36 22.04.2025
Son illərdə Azərbaycanda mikrosahibkarlıq və frilans fəaliyyətə maraq xeyli artıb. Xüsusilə gənclər arasında bu tendensiya daha qabarıq görünür: onlar ənənəvi, maaşlı işlərdən imtina edərək öz kiçik bizneslərini qurmağa, sosial şəbəkələrdə məhsul və xidmət təklif etməyə üstünlük verirlər. Bu dəyişiklik cəmiyyətdə geniş müzakirələrə səbəb olub: gəncləri bu yola yönəldən səbəb nədir – sərbəstlik arzusu, yoxsa mövcud sistemə etiraz?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Xalid Kərimli bildirir ki, bu prosesi sistemə etiraz kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, gənclərin frilans fəaliyyətə yönəlməsi daha çox şəraitin dəyişməsi və texnologiyanın inkişafı ilə bağlıdır:
“Gənclər sadəcə özlərinə iş axtarır. Bu, bəli, bir qədər sərbəstlik arzusu ilə bağlı ola bilər, amma sistemə qarşı narazılıqdan doğmur. Hazırda iş tapmaq asan deyil, çünki insanlar çoxdur və müxtəlif düşüncəyə sahibdirlər. Kimi sabit maaşlı iş axtarır, kimi isə öz biznesini qurmaq istəyir. İnsanlar eyni deyil ki, eyni şəkildə düşünsünlər. Texnologiyanın inkişafı və internetə çıxış imkanlarının genişlənməsi frilanserlik üçün yeni fürsətlər yaradıb. Onlayn platformalar, sosial şəbəkələr və rəqəmsal bazarlar artıq fərdi təşəbbüslə çalışan insanlar üçün geniş imkanlar təqdim edir. Bu isə mikrosahibkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Bu tendensiya ölkə iqtisadiyyatı üçün təhlükə yaratmır, əksinə, müəyyən faydalar gətirə bilər. Mikrosahibkarlıq məsuliyyəti artırır, insanları işə cəlb edir və sosial problemlərin bir hissəsini aradan qaldırır. Bu, iqtisadiyyat üçün təhlükə deyil – əksinə, faydalı bir prosesdir".
Dövlət bu dəyişikliklərə necə yanaşmalıdır?
"Dövlətin əsas rolu bu prosesə mane olmamaq və sadəcə vergi məsələlərini tənzimləməklə kifayətlənmək olmalıdır".
Selcan Əhmədli