Ebru sənəti-ŞƏRH

Bölmə: Maraqlı › ,
Tarix: 19:14 23.04.2025

Əsrlər boyu Şərq mədəniyyətinin incə ruhunu özündə əks etdirən bu sənət növü, yalnız rənglərin su ilə oynunu deyil, həm də səbr və ruh dərinliyini tələb edir. Hər bir Ebru əsəri təkrarolunmazdır – sanki sənətkarın iç dünyasının su üzərinə köçürülmüş halıdır.

 

Mövzu ilə bağlı rəssam Günəş Heydərova "İnformator.az"a açıqlamasında bildirib ki, ebru sənəti qatılaşdırılmış su üzərində həyata keçirilir:

 

"Qatılaşmış su gəvən ağacı adlanan təbii tikan otundan alınır. Gəvən otunun gövdəsindən nişasta yağına bənzəyən maddə çıxır. Bu maddə boyaların suyun üzərinə dağılmasını təmin edir. Lakin normal şəraitdə kartof kraxmalından, kleydən və ya makaron suyundan istifadə etmək olar. Boyalar torpaqdan hazırlanır. Mərmər üzərində 4-5 saat əzilir. Daha sonra boyaya öküz ödü əlavə edilir ki, boya daha da incəlib suda saxlansın. Normal şəraitdə isə akvarel boyalardan da istifadə etmək olar. Boyalar xüsusi fırçalar vasitəsilə səpilir. Bu fırçalar at quyruğundan, gövdəsi isə gül ağacının budaqlarından olur. Fırçalar ona görə belə hazırlanır ki, ebrunun naxışlarını idarə etmək asan olsun. Suyun üzərinə əvvəlcə kiçik damcılar əlavə olunur, daha sonra rənglər əlavə olunaraq biz və ya müxtəlif ebru sənəti üçün nəzərdə tutulmuş daraqların köməyi ilə naxışlar vurulur. Azərbaycanda bu sənətə maraq çox böyükdür. Sadəcə olaraq ebru ilə məşğul olmaq üçün xüsusi istedad və ya rəssamlıq təhsili o qədər də vacib olmadığı üçün universitetlərdə bu sahə ilə bağlı dərs keçmirlər. Çünki ebrunun bir zövq məşquliyyəti olduğunu düşünürlər. Amma bu sənətin çətinliyi onun fantaziyalar partlayışıdır. Rəssamlıqda çox böyük inkişafa gətirib çıxara bilər. Zövqlü məşğuliyyət kimi ebrunu seçməyi tövsiyyə edirəm".

 

Fatimə Heydərova