Rusiya və Belarus arasında strateji əməkdaşlıq güclənir

Tarix: 21:32 30.04.2025
Rusiya Prezidenti Vladimir Putin Volqoqradda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Bu barədə TASS məlumat yayıb. Görüşdə Rusiya və Belarus arasında münasibətlərin inkişafı, həmçinin Moskva ilə Minsk arasında strateji tərəfdaşlıq və müttəfiqliyin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya və Belarus arasında hazırda yüksək səviyyəli strateji münasibətlər mövcuddur:
"Ukrayna müharibəsi dövründə Belarus hökuməti Rusiyaya müxtəlif səviyyələrdə dəstək göstərmiş, diplomatik platformalarda vasitəçi rolunu üzərinə götürüb. Belarus Prezidenti Aleksandr Lukaşenko zaman-zaman Moskvanın mövqeyinə uyğun addımlar atsa da, geosiyasi reallıqları nəzərə alaraq ölkəsinin maraqlarını qorumağa çalışdığı da müşahidə olunur. Mövcud münaqişədən mümkün qədər az ziyanla çıxmaq və obyektiv mövqeyini qorumaq Belarus üçün strateji əhəmiyyət daşıyır.
Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında keçiriləcək görüşdə regional proseslər, hərbi və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı, eləcə də Belarusun strateji mövqeyi ətrafında müzakirələrin aparılması gözlənilir. İki ölkə arasında yaxınlaşmanın daha da dərinləşməsi və tərəfdaşlığın möhkəmlənməsi regionda güc balansına təsir edə bilər ki, bu da Qərbin Rusiya ilə bağlı planlarına maneə yarada bilər".
Politoloq əlavə edib ki, Belarus iqtisadiyyat, kənd təsərrüfatı və hərbi-sənaye sahələri üzrə Rusiya ilə əməkdaşlığını artırmaqdadır:
"Bu, regionda Rusiya mərkəzli təsir dairəsinin güclənməsinə şərait yaradır. Qərbin bu cür əməkdaşlıqlara mənfi yanaşması isə mövcud vəziyyəti dəyişmir. Ukrayna müharibəsi fonunda müşahidə olunan diplomatik qeyri-effektivlik və siyasi ziddiyyətlər ölkəyə ciddi ziyan vurdu. Rusiya isə gözlənildiyindən fərqli olaraq zəifləmək əvəzinə, geosiyasi mövqeyini daha da möhkəmləndirdi.
Belarus bu vəziyyətdən nəticə çıxararaq Rusiya ilə daha da yaxın əməkdaşlığa üstünlük verir. Qərbin tətbiq edəcəyi mümkün sanksiyalar ilk növbədə əhaliyə təsir edə bilər ki, bu da ictimai dəstəyin Rusiya yönümlü siyasətə yönəlməsinə səbəb ola bilər. Ümumiyyətlə, Qərbin Rusiya ilə bağlı yürütdüyü siyasət hazırkı mərhələdə daha çox Kremlin maraqlarına xidmət edir.
Putin və Lukaşenko arasında keçiriləcək görüşdə əsas diqqət Rusiya ilə Belarus arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin inkişafına yönələcək".
Aytən Ağazadə