Gənclər arasında aqressiyanın artması-Səbəblər və çıxış yolları

Tarix: 22:12 30.04.2025
Son illərdə Azərbaycanda gənclər arasında aqressiv davranışların artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu artım yalnız fiziki zorakılıqla məhdudlaşmır; həm də psixoloji təzyiqlər, sosial media vasitəsilə təhqirlər və digər neqativ davranışları əhatə edir. Aqressiyanın artması məktəblərdə, universitetlərdə və sosial mühitdə müxtəlif problemlərə səbəb olur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, gənclərdə aqressiyanın azalması üçün həm ailə həm məktəb həm də cəmiyyət birlikdə çalışmalıdır:
"Bu gün gənclər arasında aqressiyanın artması çox müşahidə olunur və bu vəziyyət həm ailələri, həm də cəmiyyəti narahat edir. Məncə, bu problemin qarşısını almaq üçün bir neçə vacib addım atılmalıdır. Əvvəlcə gənclərlə daha çox maraqlanmaq, onları dinləmək və onlara dəstək olmaq lazımdır. Məktəblərdə və gənclər üçün açılan mərkəzlərdə psixoloqlar olmalı, onlara duyğularını necə idarə etməyi, özlərini necə sakitləşdirməyi öyrətməlidirlər. Ailələr də bu məsələdə çox önəmlidir. Valideynlər uşaqlarına qarşı anlayışlı və səbirli davranmalı, onları zorla deyil, sevgi ilə tərbiyə etməlidirlər. Bundan başqa, gənclər boş vaxtlarını faydalı keçirsələr – məsələn, idmana, rəsmə, musiqiyə və ya başqa maraqlı işlərə yönəlsələr – bu da aqressiyanı azaldar".
Həmçinin o qeyd edib ki, psixoloji müdaxilə də çox önəmlidir:
"Əgər gənc aqressivdirsə və ya içində toplanmış emosiyalar varsa, psixoloq ona düzgün şəkildə yanaşarsa, bu vəziyyət düzələ bilər. Məsələn, koqnitiv-davranışçı terapiya kimi metodlar gəncə nəyin onu əsəbiləşdirdiyini, hansı düşüncələrin onu belə davranmağa vadar etdiyini başa salır. Əgər gənc özü də istəsə və bu dəstək davamlı olsa, dəyişiklik mütləq olur. Ailənin də bu prosesdə iştirakı vacibdir. Çünki evdə rahat olmayan gənc çöldə də aqressiv ola bilər. Sosial medianın da burda rolu böyükdür. Çox vaxt gənclər orda başqasının həyatına baxıb özlərini pis hiss edirlər. “Hamının həyatı gözəldi, mənimki niyə belə deyil?” deyə düşünürlər. Bu da onlarda həm narahatlıq yaradır, həm də özlərinə qarşı nifrət. Bəzən də sosial mediada zorakılıq, təhqir və ya nifrət dolu paylaşımlar görürlər və bu da onları ya qorxaq edir, ya da daha aqressiv. Amma düzgün istifadə olunsa, sosial media faydalı da ola bilər. Məsələn, motivasiya verən səhifələr, özünü inkişaf etdirməyə kömək edən məzmunlar və ya dəstək verən onlayn icmalar insanın ovqatına müsbət təsir edə bilər".
Qəmər Kazımzadə