BDU-da “Fərqli fərdlər” himninin klipinin təqdimatı keçirildi

Bölmə: Sosial › ,
Tarix: 21:37 30.04.2025

30 aprel tarixində Bakı Dövlət Universitetində (BDU) “BDU Könüllüləri” təşkilatının təşəbbüsü ilə “Fərqli Fərdlər” himninə əsaslanan klipin təqdimat mərasimi keçirildi.

 

Layihə Mədəniyyət Nazirliyinin dəstəyi, PAŞA Holdingin sponsorluğu və “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyi ilə “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatçılığı əsasında reallaşıb. Azərbaycanda ilk dəfə inklüziv cəmiyyətə həsr olunan himn geniş ictimaiyyətə təqdim olunub.

 

Tədbir proqramına bunlar daxil idi:

 

“Fərqli Fərdlər” klipinin nümayişi, əlilliyi olan uşaqların bədii çıxışları, qısa konsert proqramı.

 

Tədbirin aparıcısı Nuranə Abiyeva açılış nitqində vurğuladı ki, bu layihə Azərbaycanda inklüziv cəmiyyət üçün yazılan ilk himnə əsaslanır: "Bu gün qarşımızda 15 nəfərlik bir heyət dayanır. Burada gəzə bilmə, görmə və eşitmə məhdudiyyəti olan gənclər, eləcə də onlara dəstək verən şəxslər yer alır. Onlar səhnəyə çıxaraq öz bacarıqlarını nümayiş etdirəcəklər".

 

Daha sonra söz Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədova verildi. O çıxışında universitetin sosial layihələrə verdiyi önəmdən danışdı: "BDU hər zaman sosial məsuliyyətli gənclərin formalaşmasına, onların cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə dəstək verib. Bu gün keçirilən tədbir universitetin və "BDU Könüllüləri" təşkilatının təşəbbüslərinin cəmiyyətə verdiyi güclü mesajlardan biridir".

 

Tədbir çərçivəsində bir daha vurğulandı ki, fərqlilik əngəllilik deyil, cəmiyyət üçün bir zənginlik sayılmalıdır.

 

Daha sonra layihənin rəhbərlərindən biri, “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyinin sədri və “Fərqli Fərdlər” layihəsinin rəhbəri Nazilə Məhərrəmova tədbir iştirakçılarına layihənin məqsədləri barədə məlumat verdi.

 

Himnin musiqisini bəstəkar Tural Məmmədli, sözlərini isə Leyla Quliyeva yazıb. Klipin rejissoru Ülviyyə Könüldür.

 

Qeyd edildi ki, “Fərqli Fərdlər” himnində yalnız tədbirə qatılan 15 nəfər deyil, həmçinin Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova da ifaçı kimi yer alıb.

 

Tədbirdə autizm üzrə araşdırmaçı, ictimai spiker və autizmli övladın valideyni olan Əsmər Əskərova da çıxış edib. O, inklüziv cəmiyyətin inkişafı və autizmli şəxslərin sosial həyata inteqrasiyası haqqında fikirlərini bölüşüb.

 

Sonda tədbirin bədii hissəsində “Fərqli Fərdlər” himninin canlı təqdimatı və autizmli uşaqların hazırladığı müxtəlif çıxışlar nümayiş olunub.

 

Nigar Həsənzadə