KİV: Avropa Ukraynaya 25 min hərbçi göndərə bilməyəcək

Bölmə: Dünya › ,
Tarix: 21:47 30.04.2025

Avropa ölkələri, ehtimal ki, Rusiya ilə qarşıdurmanın qarşısını almaq məqsədilə planlaşdırılan missiya çərçivəsində Ukraynaya 25 min hərbçini belə göndərə bilməyəcək.

 

Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa ölkələri Ukraynaya sülhməramlı qüvvələr yerləşdirmək istəyirlər:

 

“Rusiya rəsmiləri bu təşəbbüsə qarşı çıxır. Onlar bildirirlər ki, bu ideyanın həyata keçirilməsi dünya müharibəsinin başlanması deməkdir. Rusiya hesab edir ki, bu baş verərsə, avropalıların Rusiya–Ukrayna müharibəsində birbaşa iştirakı kimi qiymətləndiriləcək. Eyni zamanda bu məsələ ilə bağlı ABŞ ilə konkret razılıq əldə olunmayıb. Hazırda ABŞ bu iki dövlət arasında atəşkəsə nail olmağa çalışır. Bu məqsədə nail olduqdan sonra sülhməramlı qüvvələrin Ukraynaya yerləşdirilməsi məsələsi gündəliyə gələ bilər.

 

25 min hərbçi ideyası əsasən Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə irəli sürülüb. Makron bəyan edib ki, Ukraynaya qüvvə göndərməyə hazırdır. Bu səbəbdən də o, müəyyən tənqidlərə məruz qalıb. Sözügedən təşəbbüs təkmilləşdirilərək sülhməramlı qüvvələrin göndərilməsi ideyasını gündəmə gətirib".

 

Çimnaz Telmanqızı