May Diplomatik Hərəkətliliyin Ayı Olur: Bakı Ərdoğan və Netanyahunu Qarşılayır

Bölmə: Sosial › ,
Tarix: 21:52 30.04.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahunu Azərbaycana səfərləri planlaşdırılır. Bu səfərlər təkcə ikitərəfli əlaqələrin deyil, həm də regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından əhəmiyyətli hesab olunur. Hər iki liderin Bakıya eyni ayda gəlməsi bölgədə geosiyasi vəziyyətin yenidən formalaşmasına dair mühüm siqnallar kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Rizvan Hüseynov bildirib ki, bu səfərlərin əsas məqsədi Yaxın Şərqdə stabillik yaratmaq və münaqişələrin həllində yaxşı mənada Azərbaycanın vasitəçiliyindən istifadə etməkdir: 

 

 

"Bu səfərlər Azərbaycana mühüm səfərlər olur. İstər, İran prezidentinin Azərbaycana səfəri, istərsə də, mayda baş tutacaq Ərdoğan və Netanyahunun səfərləri. Burada biz anlaya bilərik ki, əsas məsələ Yaxın Şərqdə olan vəziyyətdir və orada stabilliyi əldə etmək üçün çabalardır. Burada Azərbaycan müstəsna rol oynayır. Bunu ABŞ prezidenti Donald Tramp da dəstəklədi və minnətdarlığını bildirdi ki, Azərbaycan bir neçə istiqamətdə vasitəçilik edir. Ehtimal ki, Suriyanın yeni prezidenti Azərbaycana səfərə gələcək. Bu səfərlərin əsas məqsədi Yaxın Şərqdə stabillik və münaqişələrin həllində yaxşı mənada Azərbaycanın vasitəçiliyindən istifadə etməkdir. Vasitəçi olaraq Azərbaycan çox uğurlu ölkədir və rəhbərlik də bunu uğurla icra edir. O baxımdan, təxmin edirəm ki, əsas məsələ Yaxın Şərqdə stabillik yaratmaq, münaqişələrin səngiməsi və Azərbaycanın bir sıra yeni neft-qaz layihələrində iştirakıdır. Burada iqtisadi maraqlar da var. Burada həm qardaş Türkiyənin, həm də İsrailin maraqları var. Həm də tranzit nəqliyyat məsələləri burada mühüm yer tutur. Şərq və qərb tranzit xətlərinin qovşağı Azərbaycandır. Azərbaycan prezidentinin Çinə səfəri də böyük rol oynadı. Digər ölkələr də çalışır ki, Azərbaycanda olan tranzit və logistik imkanlardan istifadə etsin".

 

Günel Verdiyeva