Ərdoğan: "Türkmənistan qazı 5 ildən sonra Xəzərin dibi ilə Türkiyəyə nəql ediləcək"

Bölmə: Dünya › ,
Tarix: 22:41 02.05.2025

Türkiyə, beş ildən sonra Türkmənistanın təbii qazını Xəzərin dibi ilə borular vasitəsilə idxal edəcək.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışı zamanı bildirib.

 

Bu ilin mart ayından Türkmənistan qazını İran ərazisindən keçərək Türkiyəyə tədarük edirik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımovun “İnformator.az”a verdiyi açıqlamaya görə, türkmən qazının Xəzər vasitəsilə Türkiyəyə idxal məsələsi uzun müddət müzakirə edilsə də, İran və Rusiya buna izin vermir:

 

 

“Cənab Ərdoğanın türkmən qazının Xəzərin dibi ilə Türkiyəyə beş ildən sonra çatdırılacağı məlumatı olduqca maraqlıdır. Nəzərə alaq ki, neçə ildir ki, Türkiyə Türkmənistan ilə belə müzakirələr aparır. Türkmənistanın da bu məsələdə öz marağı var. Belə ki, öz enerji siyasətini şaxələndirərək, qazı yalnız İran, Rusiya və digər istiqamətlərə deyil, həmçinin Azərbaycan üzərindən qərbə çıxarılmasını təmin etməyə çalışır. Ancaq Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsi ideyası uzun müddət müzakirə olunsa da, Rusiya və İran buna imkan vermir, bu məsələdə Xəzərin ekoloji vəziyyətini bəhanə edirlər. Rusiya, Xəzərin ekoloji vəziyyətindən danışarkən, nəzərə almalıdır ki, şimal dənizindən Almaniya şimal axını qaz kəməri çəkib və bu kəmərlə 55 milyard kubmetr təbii qaz ixrac edilə bilər. Əgər bu baş versə, olduqca ciddi bir hadisə olacaq. Türkmən qazı Azərbaycan üzərindən Avropaya çatdırılacaq, Azərbaycanın qaz sistemi bu qazın daşınmasında istifadə olunacaq və Azərbaycan bunun tranzit gəlirini əldə edəcək. Eyni zamanda, Türkiyə də bundan həm daxili, həm də Türkiyə ərazisinin tranzitə görə faydalanacaq.

İran üzərindən daşınan qaz slap üsulu ilə həyata keçirilir. Belə ki, türkmən qazı İranın şərq vilayətlərinə verilir, əvəzində İran qazı Türkiyəyə ötürülür, ancaq həmin qaz kəmərinin daşıyıcılıq qabiliyyəti çox yüksək deyil. Buna görə də, Türkiyə digər riskləri də nəzərə alaraq bu siyasəti şaxələndirməyə çalışır".

 

 

Fatimə Şahverdiyeva