Hindistandan Pakistana zərbə

Tarix: 22:06 07.05.2025
Son günlərdə Hindistan və Pakistan arasında artmaqda olan gərginlik fonunda Hindistan bu gün Pakistanın nəzarətində olan Kəşmir bölgəsindəki hədəflərə raket zərbələri endirib. Hücumun, Hindistanın Pahalgam bölgəsində baş vermiş və onlarla insanın həyatını itirdiyi terror aktına cavab olaraq həyata keçirildiyi bildirilir.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli "İnformator.az"a bildirib ki, Hindistan və Pakistan arasında baş verən gərginlik böyük təəssüf doğurur:
“Xüsusilə vurğulamaq lazımdır ki, baş verən hadisələrdə birbaşa günah Hindistanın üzərindədir. ABŞ Prezidenti Donald Tramp və bir çox beynəlxalq qurumlar da məsələyə dair ədalətli mövqe sərgiləyiblər və problemin bu həddə çatmasında Hindistanı günahlandırıblar.
Həqiqətən də, Hindistan bəzi məsələləri bəhanə edərək, heç bir araşdırma aparmadan müəyyən terror aktlarının məsuliyyətini Pakistanın üzərinə qoymaqla hərbi gərginliyin yaranmasına səbəb olub. Bu isə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Məlumdur ki, hər iki ölkə nüvə silahına malikdir. Bu səbəbdən Hindistanın məsuliyyətsiz davranışı gələcəkdə daha böyük faciələrə yol aça bilər".
Politoloq bildirib ki, Azərbaycan məsələyə münasibətini artıq açıqlayıb:
“Son günlər ərzində Azərbaycan Xarici İşlər Nazirliyi iki dəfə rəsmi Bakının mövqeyini bəyan edib, tərəfləri təmkinli olmağa, atəşkəsə riayət etməyə və həssas davranmağa çağırıb. Azərbaycan hərbi əməliyyatların dayandırılmasına dair sülh çağırışı edib.
Bu gün Hindistan yalnız Pakistan üçün deyil, bütün dünya üçün təhdid mənbəyidir. Hindistanın riyakar və qərəzli siyasəti, xüsusilə də Ermənistanın silahlandırılması ilə bağlı son addımları onun qarşıdurma və müharibə yaratmağa çalışdığını göstərir. Bu siyasət dünyada sülhə və təhlükəsizliyə zərbə vurur və nəticədə Hindistanı müxtəlif sahələrdə uğursuzluğa sürükləyir.
Pakistanın Hindistana cavab olaraq endirdiyi zərbələr Hindistan tərəfinin ağ bayraq qaldırması ilə nəticələnə bilər. Bu isə həm hərbi texnika, həm də insan itkisi baxımından ciddi fəsadlarla müşayiət oluna bilər".
Türkan Kərimli