Heydər Əliyevin milli mətbuat modeli professor Qulu Məhərrəmli ilə

Tarix: 15:29 08.05.2025
2025-ci il mayın 8-də Bakı Dövlət Universitetində (BDU) Tələbə Elmi Cəmiyyəti və “Yeni” klubun birgə təşkilatçılığı ilə “Heydər Əliyevin milli mətbuat modeli professor Qulu Məhərrəmli ilə” adlı tədbir keçirildi. Tədbirdə Beynəlxalq münasibətlər və jurnalistika fakültəsinin tələbələri iştirak etdilər.
Tədbirin əsas qonağı professor Qulu Məhərrəmli oldu. O, ümummilli lider Heydər Əliyevin milli mətbuatın inkişafına verdiyi töhfələrdən, onun media və jurnalistlərə göstərdiyi diqqət və ehtiramdan danışdı. Bildirdi ki, Heydər Əliyev azad və obyektiv mətbuatın inkişafını daim dəstəklədi, şəffaflıq, mətbuat azadlığı və medianın cəmiyyətin güzgüsü olması prinsiplərini ön planda saxladı.
Professor Qulu Məhərrəmli vurğuladı ki, Heydər Əliyev informasiya ilə işləməyə xüsusi önəm verən bir lider kimi tez-tez jurnalistlərlə görüşlər keçirirdi və onların suallarına açıq, sərbəst şəkildə cavab verirdi.
"O, heç bir mövzunu qapalı saxlamırdı, jurnalistlərlə polemikalara girirdi. Jurnalistlərin dostu kimi tanınan Heydər Əliyev həm yerli, həm də beynəlxalq media nümayəndələrinə müsahibələr verirdi və daim dürüst kommunikasiya qurmağa çalışırdı".
Tədbir zamanı professor Qulu Məhərrəmli Heydər Əliyevin özəl televiziyaların da inkişafına xüsusi önəm vediyini vurğulayaraq ANS televiziyasına müsahibə verməsi və Fransada baş vermiş maraqlı media hadisəsi kimi xatirələri də bölüşdü.
Görüş interaktiv formada keçdi, tələbələrin sualları cavablandırıldı.
Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkildi.
Banuçiçək Kalbalıyeva