Asiyadakı müharibədə yeni mərhələyə keçilib

Bölmə: Dünya › ,
Tarix: 20:56 08.05.2025

 

Hindistan və Pakistan arasında illərdir davam edən gərginlik, Kəşmirdə baş verən terror hücumundan sonra yenidən alovlanıb. Hindistanın “Sindoor Əməliyyatı” adlandırdığı hərbi əməliyyatla Pakistan ərazilərini hədəfə alması və Pakistanın buna cavab verməsi tammiqyaslı müharibə qorxusunu artırıb. Pakistanın Baş naziri Şahbaz Şərif intiqam andı içib və səhər saatlarında artilleriya atəşi açılıb.

 

Kəşmirdə 26 turistin öldüyü terror hücumundan sonra Hindistan və Pakistan arasında illərdir davam edən düşmənçilik yenidən qızışıb. Hindistan “Sindoor Əməliyyatı” adı ilə Pakistan ərazilərini bombalayıb. Pakistan isə hücumlara cavab verib. Gərginlik hələlik səngisə də, İslamabad rəhbərliyinin orduya “istədiyi vaxt əməliyyata başlama səlahiyyəti” verməsi tammiqyaslı müharibə qorxusuna səbəb olub. Bu hadisələrdən sonra Pakistan artilleriya atəşi ilə hücuma keçib.

 

Hindistanın Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket hücumlarından sonra iki ölkə arasındakı gərginlik davam edir. Pakistanın Baş naziri Şərif xalqa müraciətində Hindistanın 6 mayda həyata keçirdiyi hava hücumlarının nəticələrinə qatlanmalı olacağını deyib.

 

Geo TV-nin polis mənbələrinə istinadla yaydığı xəbərə görə, Pakistanın Pəncab əyalətinin paytaxtı və ölkənin ikinci ən böyük şəhəri Lahorda Hindistana məxsus pilotsuz uçuş aparatının (PUA) hissələri tapılıb. Yerli mənbələr şəhərdə 3 “böyük partlayış səsinin eşidildiyini” təsdiqləyib.

 

Hindistan Müdafiə Nazirliyinin sözçüsü polkovnik Suneel Bartwal bildirib ki, Pakistan ordusu artilleriya atəşi açıb və Hindistan qüvvələri buna mütənasib cavab verib. Bartwal həmçinin Pakistan əsgərlərinin hücum zamanı Kəşmirdəki Nəzarət Xəttini keçərək yüngül silahlarla Hindistan əsgərlərini hədəfə aldığını bildirib. Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.

 

Pakistan Hindistanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi, Baş Assambleya sədri və Təhlükəsizlik Şurası sədrini Hindistanın “açıq təcavüzü” barədə məlumatlandırdığını açıqlayıb. Baş nazir Şərifin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurası toplantısından sonra verilən açıqlamada Hindistanın hücumlarının “uydurma terrorçu düşərgələrinin mövcudluğu bəhanəsi ilə” həyata keçirildiyi və məscidlər daxil olmaqla mülki infrastrukturların qəsdən hədəf alındığı bildirilib. Hökumət Pakistanın “özünü müdafiə məqsədilə, istədiyi zaman, yerdə və formada” cavab vermək hüququnu saxladığını və silahlı qüvvələrə səlahiyyət verildiyini bəyan edib.

 

Haberler.com

Aygün Babayeva