Azərbaycanın ev sahibliyi edəcəyi WUF13 Mombasada təqdim olundu

Tarix: 21:17 11.05.2025
Keniyanın Mombasa şəhərində Afrika dövlətlərinin bu ölkədəki diplomatik missiya rəhbərlərinin illik toplantısı keçirilib. Görüşdə Azərbaycan Respublikasının Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev xüsusi qonaq qismində iştirak edib. Tədbir çərçivəsində Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təqdimatına həsr olunmuş xüsusi iclas təşkil olunub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AJM-nin politoloqu Rüstəm Tağızadə bildirib ki, 2026-cı ildə keçiriləcək 13-cü sessiyaya hazırlıq prosesi artıq başlayıb:
“Tədbirə bir ilədək vaxt qalır. Bu müddət ərzində iştirak edəcək ölkə və beynəlxalq qurumlar müəyyənləşdiriləcək. Dəqiq siyahı hələ bəlli olmasa da, Azərbaycanın dost münasibətlərdə olduğu bir çox ölkənin forumda iştirakı gözlənilir. Azərbaycanın təşkilati bacarığı bu günə qədər keçirilmiş beynəlxalq tədbirlərdə özünü dəfələrlə sübut edib. Hazırlıq prosesində hər hansı çətinlik yaşanacağını düşünmürük. Bu forum ölkəmiz üçün əhəmiyyətli bir hadisədir və iştirakçı ölkələrin çoxluğu Azərbaycanın geosiyasi rolunu daha da artıracaq. Azərbaycanın “Orta Dəhliz”də artan rolu və strateji əhəmiyyəti belə beynəlxalq tədbirlərlə daha da güclənəcək".
Selcan Əhmədli