Fransa yenə qovulub

Tarix: 21:01 12.05.2025
Əlcəzair və Fransa arasındakı diplomatik gərginlik davam edir. Son olaraq Əlcəzair, Fransanın diplomatik və konsulluq missiyalarında çalışan 15 nəfərin “mövcud prosedurlara zidd şəkildə təyin edildikləri” üçün dərhal ölkəni tərk etmələrini tələb edib.
Xəbərdə bu şəxslərin dərhal ölkəni tərk etmələrinin istəndiyi qeyd olunaraq, Fransa tərəfinin son dövrdə “ciddi və təkrar olunan pozuntulara” yol verdiyi bildirilib. Həmin şəxslərin təyinat prosesində diplomatik adətlərə və beynəlxalq müqavilələrlə nəzərdə tutulan prosedurlara açıq şəkildə zidd hərəkət edildiyi vurğulanıb.
Rəsmilər qeyd ediblər ki, sözügedən 15 fransız vətəndaşın diplomatik və ya konsulluq vəzifələrinə başlamazdan əvvəl tələb olunan rəsmi məlumatlandırma və ya akkreditasiya müraciətləri edilməyib. Həmçinin bu şəxslərin əvvəllər “xidmət pasportu” daşıdıqları, sonradan isə diplomatik pasportlarla təmin olunaraq Əlcəzairə girişlərinin asanlaşdırıldığı bildirilib.
Digər tərəfdən, Əlcəzair hakimiyyəti dünən Fransanın Daxili İşlər Nazirliyinə bağlı Daxili Təhlükəsizlik İdarəsində çalışan 2 nəfəri “saxta diplomatik pasportla ölkəyə daxil olduqları” səbəbilə ölkədən çıxardığını açıqlayıb. Aprel ayının əvvəlində isə Əlcəzair, Fransanın əlcəzairli bir konsulluq əməkdaşını Parisdə saxlamasına cavab olaraq 12 fransız diplomatik əməkdaşı ölkədən çıxarıb. Fransa isə buna cavab olaraq 12 əlcəzairli diplomatı deportasiya etmiş və Əlcəzair səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Əlcəzair ilə Fransa arasındakı münasibətlər son illərdə tez-tez böhranlarla üzləşib. 2023-cü ilin iyulunda Fransanın Qərbi Saxara məsələsində Mərakeşin muxtariyyət planını dəstəkləməsi, Əlcəzairin Parisdəki səfirini geri çağırmasına səbəb olub.
Haberler.com
Aygün Babayeva