ABŞ defolt riski ilə qarşı-qarşıyadır

Tarix: 21:05 12.05.2025
ABŞ hökuməti avqustun əvvəlində borc öhdəliklərini yerinə yetirə bilməmək riski ilə üzləşə bilər. ABŞ-nin maliyyə naziri Skot Bessent Konqresə məktubunda bildirib ki, hökumətin maliyyə vəsaitləri tükənmək üzrədir və borc tavanı iyulun ortalarınadək artırılmasa, defolt baş verə bilər.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elman Sadıqov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilk dəfə borc tavanını 1939-cu ildə 45 milyard dollar olaraq müəyyən edib:
“Demək olar ki, dünyanın əksər ölkələrinin büdcələrində xərclər gəlirləri üstələyir. Bunun əsas səbəblərindən biri daha çox xərc etməklə iqtisadi böyümə və Ümumi Daxili Məhsulun artmasını təmin etməkdir. Ümumiyyətlə, burada inflyasiya amilləri və digər faktorlar rol oynayır. Əksər hallarda xərclər gəlirləri keçdiyi üçün bu vəziyyətə maliyyə dilində büdcə defisiti deyilir. Bəzi hallarda isə xərclər gəlirlərdən az olur və bu zaman büdcə profisiti yaranır. Ölkələr belə hallardan istifadə edərək istər xarici, istərsə də daxili borclarını ödəyə bilirlər.
ABŞ büdcəsində davamlı olaraq defisit müşahidə olunur. Bu defisitin müxtəlif səbəbləri var və bu, dərin mövzudur. Lakin ümumiləşdirsək, əslində bu büdcə kəsiri iqtisadiyyatın böyüməsinə xidmət edir. Büdcə kəsiri borc hesabına maliyyələşdirilir. Əgər büdcədə kəsir yaranırsa, bu, ya daxili, ya da xarici borclanma yolu ilə aradan qaldırılmalıdır. Hər bir ölkə borcların nəzarətdən çıxmaması üçün maksimum borclanma həddini – yəni borc tavanını – müəyyən edir.
ABŞ bu tavanı ilk dəfə 1939-cu ildə 45 milyard dollar olaraq müəyyənləşdirib. O vaxtdan indiyədək bu limit 103 dəfə artırılıb. Məsələn, əgər borc tavanı 1 trilyon dollardırsa və ABŞ bu həddə çatıbsa, büdcə kəsirini qarşılamaq üçün daha çox borclanmağa ehtiyac duyduqda, Konqresdən icazə almalıdır. Yəni tavan, məsələn, 1 trilyondan 1 trilyon 200 milyard dollara qədər artırılmalıdır ki, hökumət borclanaraq öhdəliklərini yerinə yetirə bilsin. Borc tavanı artırılmadıqda isə büdcə kəsiri yerində qalır və onun ödənilməsi zəruri olur.
Bu kəsirin ödənməsi nəyə xidmət edir? Burada büdcə xərclərinin strukturuna baxmaq lazımdır. Strukturun əsas istiqamətlərinə federal səviyyədə hökumət işçilərinin maaşları, tibbi sığorta ödənişləri, hərbi xərclər və əvvəlki illərdən qalan dövlət borcları üzrə faiz və əsas məbləğ ödənişləri daxildir.
Yeni borc tavanı təsdiqlənmədikdə, bu, Konqresin Amerika hökumətinə yeni borclanma icazəsi vermədiyini göstərir".
Müsahibimizin sözlərinə görə, defolt olarsa, dünya maliyyə sistemi sarsıntı keçirə bilər:
“Əgər Konqres borcun artırılmasına icazə verməzsə, büdcə öz xərclər hissəsini maliyyələşdirə bilmir. Çünki artıq gəlirlər bitib, xərclər daha çoxdur. Kəsir hissəsini maliyyələşdirmək üçün borclanmaq zəruridir, lakin bu baş vermədikdə, federal işçilərin əməkhaqları ödənilmir, sosial tibbi sığorta öhdəlikləri yerinə yetirilmir, hərbi xərclərdə çatışmazlıq yaranır. Eyni zamanda, əvvəlki illərdən qalan borcların faiz və əsas məbləği ödənə bilmir. Bu isə faktiki olaraq defolt deməkdir.
Federal işçilərin maaşsız qalması, hökumət strukturlarının fəaliyyətinin iflic olması, hərbi xərclərin təmin olunmaması və borc öhdəliklərinin yerinə yetirilməməsi defoltun açıq göstəriciləridir. Belə bir hal baş verərsə, dünya maliyyə sistemində ciddi sarsıntılar yaşana bilər. Bu səbəbdən borc tavanının artırılmaması ehtimalı çox aşağıdır.
Məsələn, ən ciddi böhran 2011-ci ildə yaşanıb. Həmin dövrdə borc tavanının artırılması gecikmişdi, amma bundan imtina olunmadı. Konqres bildirdi ki, bu qədər borclanma davam edə bilməz və nəticədə dünya maliyyə sistemində ciddi problemlər ortaya çıxdı. Nəticədə, borc tavanı artırıldı.
Borc böhranı daha çox siyasi qarşıdurmalar zamanı dərinləşə bilər. Məsələn, əgər Konqresdə demokratlar üstünlük təşkil etsə, prezident isə respublikaçı olsa, bu zaman daha sərt mövqe ortaya çıxa bilər və böhran daha da dərinləşə bilər".
İqtisadçı ekspert qeyd edib ki, Amerikanın ən son borc tavanı 36,1 trilyon dollar olaraq müəyyən olunub:
“Hazırda isə nəzərə alsaq ki, Konqres və Senatda respublikaçılar üstünlük təşkil edir və Tramp da Respublikaçılar Partiyasını təmsil edir, bu baxımdan ciddi borc böhranı gözlənilmir. Yəni borc tavanı ilə bağlı debatlar olsa da, nəticədə artırılacaq. Amma artıq bu məbləğin artırılması müəyyən narahatlıqlar doğurmağa başlayıb. Çünki ABŞ-nin Ümumi Daxili Məhsulu ilə müqayisədə dövlət borcunun səviyyəsi 130%-i keçib. Bu da iqtisadiyyata müəyyən siqnallar verir.
Bu səbəbdən də müəyyən müzakirələr olacaq. Lakin qeyd etdiyim kimi, borc tavanının artırılmaması ehtimalı çox zəifdir. Amerika hazırkı dövrdə defolta gedəcək ölkə deyil. Hətta ehtimalı 0,1% belə deyil. Əgər belə bir hal baş versə, dünya maliyyə sistemində ağlagəlməz sarsıntılar baş verə bilər. Hətta sistemin çökmə ehtimalı da istisna deyil.
Ona görə də düşünürəm ki, borc tavanı artırılacaq və məsələ öz həllini tapacaq. Sadəcə, hökumət bu məsələdə tələsir və Konqresə təzyiq göstərir ki, bu prosesi vaxtında həyata keçirsin və hökumət öhdəliklərini gecikmədən yerinə yetirə bilsin".
Səyyarə Mirzəyeva