Paşinyanın Bəyanatı və Ermənistan Daxilindəki Təxribatçı Güclər

Tarix: 21:09 12.05.2025
Cənubi Qafqaz regionu son illərdə siyasi və hərbi gərginliklərlə yadda qalsa da, bölgədə sülhün və sabitliyin əldə olunması istiqamətində atılan addımlar ümidverici məqam kimi qiymətləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlaması da bu baxımdan diqqət çəkir. O, bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibənin olmayacağını, əvəzində isə sülhün təmin ediləcəyini bəyan edib. Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişinin razılaşdırıldığını, müqavilənin imzalanmağa hazır olduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib ki, Ermənistanın həm daxilində, həm də xaricində Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən kifayət qədər varlıqlar var:
“Azərbaycan və Ermənistan arasında münasibətlər sülh sazişinin imzalanmasına yönəlikdir. Amma Ermənistanın həm xaricində, həm də daxilində güclər var ki, bu sazişin imzalanmasını istəmirlər. Sazişin imzalanmasında təbii ki, müxalif qüvvələr maraqlı deyil. O cümlədən, Paşinyanın mövqeyinin güclənməsində maraqlı deyillər. Bu, böyük güclərində Cənubi Qafqazda maraqlarına təsir edir. Doğrudanda, Ermənistanın həm daxilində, həm də xaricində Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən kifayət qədər varlıqlar var.”
Siyasi şərhçi Ermənistan əhalisinin də sülhə münasibətindən danışıb:
“Bunu bilmək üçün sorğu keçirmək lazımdır. Amma mən düşünürəm ki, əhali içərisində də revanşistlər var. Uzun illər formalaşdırılan islama və türkə fobiya var. Amma onlar da anlayır ki, Azərbaycanın kifayət qədər gücü var. Bu da sülh sazişinin imzalanmasını labüd edir.”
Siyasi şərhçi normallaşma prosesinə də toxunub:
“Normallaşmanın olması təbii ki, qarşıdurmanın müəyyən qədər qarşısını alır. Amma açığı, münasibətlərdə hələ də kövrəklik var. Ermənistan daxilində qüvvələr var ki, qarşıdurmada maraqlıdırlar. Hələ də stabilliyin pozulması ehtimalından danışa bilərik. Təbii ki, Azərbaycan bunda maraqlı deyil. Paşinyan da hansısa qarşıdurmada maraqlı olmadığını bəyan edir. Amma Ermənistan daxilində hələ də sülhə hazır olmayan qüvvələr çoxdur.”
Günel Verdiyeva