Ukrayna və Rusiya Arasında Atəşkəs Müzakirələri

Tarix: 21:41 12.05.2025
Ukrayna Prezidenti Volodimir Zelenski: "Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəyəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar".
Eyni zamanda, Zelenski bəyan edib ki, Ukrayna mayın 12-dən əvvəl təklif edilən tam atəşkəs rejimini gözləyəcək.
Məsələ ilə bağlı politoloq Turan Rzayevin “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, Kiyev dialoqa hazırdır, lakin bu, təslimiyyət demək deyil:
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyədə Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşü ilə bağlı açıqlaması diqqət çəkir. Zelenskinin səsləndirdiyi bəyanat, xüsusən də “Rusların bu dəfə bəhanə axtarmayacağına ümid edirəm” sözləri, onu deməyə əsas verir ki, Kiyevin bu görüşdən gözləntiləri böyükdür. Kiyev dialoqa hazırdır, lakin bu təslimiyyət demək deyil. Görüş baş tutarsa, əsas müzakirə mövzuları humanitar dəhlizlər, əsir mübadiləsi, atəşkəsin təsdiqi və post-müharibə məsələləri ola bilər. Həmçinin, Qara Dəniz regionundakı təhlükəsizlik, enerji təchizatı marşrutları və yeni iqtisadi mexanizmlər də müzakirəyə çıxarıla bilər. Bu görüş, əslində, tərəflərdən hansının diplomatik manevr qabiliyyətini daha effektiv istifadə etməsindən asılı olacaq. Həm Rusiya, həm də Ukrayna öz maraqlarının təmin edilməsini istəyir. Daha dəqiq desək, Rusiya artıq özünü qalib elan edib. İşğal etdiyi ərazilərin ilhaqını tələb edir. Ən azından Krımın işğalının tanınması tələbindən geri addım atmayacaq. Ukrayna isə beynəlxalq hüquqa əsaslanan ədalətli sülhə nail olmaq istəyindədir. Buna görə də, bu görüşdən ən çox fayda götürəcək tərəfi yekun razılaşmanın məzmunu müəyyən edəcək.
Türkiyənin bu görüşdə vasitəçi qismində çıxış etməsinə gəldikdə isə hesab edirəm, bu təsadüfi deyil. Ankara son illər regional güc kimi mövqeyini möhkəmləndirib. Türkiyə həm Moskva, həm də Kiyev ilə diplomatik kanalları açıq saxlayan nadir aktorlardandır. Türkiyənin balanslı siyasət yürütməsi, NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə enerji və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq etməsi onu dialoq üçün ideal platformaya çevirir. Bundan əlavə, Türkiyə bu proses vasitəsilə həm regionda nüfuzunu artırmağa, həm də daxili siyasi mövqeyini gücləndirməyə çalışır.
Bununla belə, Türkiyənin vasitəçi rolunu tam balanslı şəkildə davam etdirməsi asan deyil. Ankara hər iki tərəfin etimadını qorumaq, eyni zamanda beynəlxalq ictimaiyyətin gözündə obyektiv aktor kimi çıxış etmək məcburiyyətindədir. Bu isə incə diplomatik tarazlıq tələb edir. Türkiyə bu rolu nə qədər uğurla yerinə yetirəcək, bu, hər ölkənin sülhə real marağından asılı olacaq.
Hesab edirəm, Ukrayna indiki məqamda atəşkəsə getməlidir. Mövcud reallıqlar Kiyevin əleyhindir. Ukrayna dayanmalıdır; çətin də olsa, post-Putin dövrünə qədər gözləməlidir. Rusiyanın başına Putindən sonra daha zəif bir lider gələrsə, Kiyev üçün də işğala məruz qalan torpaqların azad edilməsi o qədər real olacaq".
Fatimə Şahverdiyeva