Qəzza əməliyyatlarını gücləndirir

Tarix: 22:08 12.05.2025
İsrail-Amerika əsiri Edan Aleksandrın azad olunacağı gözlənilsə də, İsrail HƏMAS ilə atəşkəs və ya məhbus mübadiləsinə razılıq vermir və Qəzzada hərbi əməliyyatları genişləndirməyə davam edir.
Baş nazir Benyamin Netanyahunun ofisi bazar ertəsi açıqlamasında qeyd edir ki, atəşkəs danışıqları döyüşlərin intensivləşdirilməsinə hazırlıq şəraitində aparılır. İsrail tərəfi hesab edir ki, hərbi təzyiqlər nəticəsində HƏMAS əsirlərin azad edilməsinə razılıq verib. Açıqlamaya əsasən, İsrail atəşkəs və ya fələstinli məhbusların buraxılması ilə bağlı heç bir öhdəlik qəbul etməyib. Lakin ABŞ-nin Qəzzada saxlanılan sonuncu sağ əsiri Aleksandrın azad edilməsi üçün təhlükəsiz keçid təmin olunmasına razılıq verilib.
HƏMAS daxilindəki mənbə bildirir ki, vasitəçilər Fələstin tərəfini İsrailin Qəzzadakı hərbi əməliyyatları dayandıra biləcəyi barədə məlumatlandırıb. HƏMAS isə Aleksandrın azad olunmasının qaçılmaz olduğunu və bu qərarın ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə gözlənilən səfəri ərəfəsində xoş niyyət əlaməti kimi verildiyini açıqlayıb.
Ərəb vasitəçiləri Qətər və Misir bu addımı atəşkəs danışıqlarına dönüş baxımından ümidverici qiymətləndirib. HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Həyyah bəyan edib ki, təşkilat müharibənin dayandırılması, fələstinli və israilli əsirlərin qarşılıqlı dəyişdirilməsi və Qəzzadakı idarəetmənin texnokrat hökumətə verilməsi ilə bağlı uzunmüddətli razılaşma əldə etmək məqsədilə intensiv danışıqlara başlamağa hazırdır.
Aleksandrın ailəsi isə bildirir ki, bu addımın digər 59 əsirdən sağ qalan 21 nəfərin də azad olunmasına səbəb olacağına ümid edirlər. Əsirlərin ailələri və onların dəstəkçiləri İsrail hökumətinə təzyiq göstərir ki, Qəzzada saxlanılanların azad olunması üçün razılıq əldə edilsin. Lakin Netanyahu bu məsələdə kabinetdəki sərt mövqe tərəfdarlarının təzyiqi ilə qarşılaşır.
Ötən həftə Netanyahu İsrailin Qəzzanı tam nəzarətə götürmək üçün hərbi əməliyyatları gücləndirəcəyini bəyan edib. Rəsmilər Trampın bölgəyə səfəri başa çatana qədər bu planın reallaşdırılmayacağını qeyd edib. Hazırda İsrail anklavı bombalamaqda davam edir. Qəzzanın Mülki Müdafiə agentliyi bazar ertəsi gecə bir məktəbə edilən hava hücumundan sonra bir neçə nəfərin öldüyünü və çox sayda insanın yaralandığını açıqlayıb.
Agentliyin sözçüsü Mahmud Basal bildirib ki, Cəbəliyyədə yerləşən, 2000-dən çox məcburi köçkünün sığındığı Fatimə Bint Əsəd məktəbinə endirilən aviazərbə nəticəsində azı 10 nəfər, o cümlədən qadın və uşaqlar həlak olub, onlarla yaralı xəstəxanalara yerləşdirilib. İsrail qüvvələri Qəzza zolağı boyunca, o cümlədən şimalda Qəzza şəhəri, cənubda Rəfah və mərkəzdəki Nuseyrat qaçqın düşərgəsində hərbi əməliyyatları davam etdirir.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə