Rusiya–Polşa gərginliyi dərinləşir: Krakov konsulluğu bağlanır

Tarix: 21:41 13.05.2025
Polşa, Rusiyanın Krakovdakı Baş Konsulluğuna fəaliyyətini başa çatdırmaq üçün iyunun 30-dək vaxt qoyub. "Onet" portalına istinadla xəbər verilir ki, bu barədə Rusiyanın Varşavadakı səfirliyinin nümayəndəsi Andrey Ordaş məlumat verib. Onun sözlərinə görə, Polşa Xarici İşlər Nazirliyi bu qərarla bağlı ona rəsmi nota təqdim edib.
Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Polşanın Krakov şəhərindəki konsulluğunun bağlanması Varşavanın Moskva ilə diplomatik münasibətləri mümkün qədər məhdudlaşdırmaq niyyətində olduğunu göstərir:
"Polşa rəhbərliyi hesab edir ki, ölkə ərazisində Rusiya konsulluqlarının saxlanmasına ehtiyac yoxdur və səfirliyin fəaliyyəti tamamilə kifayətdir. Polşanın əsas arqumentinə görə, konsulluqlar Rusiya üçün ölkə daxilində təbliğat imkanları yaradır və səhnəarxası fəaliyyətlərə şərait yaradır. Xüsusilə diversiya ittihamı ilə Krakov konsulluğunun bağlanması diqqət çəkən məqamdır. Polşa açıq şəkildə Rusiyanı öz ərazisində diversiya aktları törətməkdə günahlandırır. Bu yanaşma digər Qərb ölkələri üçün də nümunə ola bilər.
Bir çox hallarda Rusiya bəzi ölkələrdə həmin ölkələrin qanunvericiliyi və beynəlxalq hüquq normalarına zidd fəaliyyətlərə yol verir. Bu fəaliyyətlər casusluq və ya diversiya kimi qiymətləndirilə bilər. Belə olan halda Rusiyanın diplomatik fəaliyyəti digər dövlətlərdə də məhdudlaşdırıla bilər.
Tarixən Polşa Rusiyaya qarşı sərt mövqe tutan ölkələrdən biri olub. Bu dəfə isə Varşava öz mövqeyini daha açıq və qəti şəkildə ortaya qoyur. Əgər bu proses bu templə davam edərsə, Rusiya üçün daha ciddi beynəlxalq nəticələr doğura bilər və iki ölkə arasında münasibətlər daha da gərginləşə bilər. Xatırladaq ki, Moskva bundan əvvəl Polşanı dəfələrlə hərbi zərbələrlə hədələyib".
Politoloq əlavə edib ki, əgər qarşıdurma dərinləşərsə və Polşa öz mövqeyində israrlı olarsa, Qərb ölkələri, xüsusilə də ABŞ, Polşanı müdafiə etmək məcburiyyətində qala bilər:
"Bu isə Rusiyaya qarşı yeni sanksiyalar, embarqo tədbirləri və daha sərt diplomatik addımlarla nəticələnə bilər. Mövcud vəziyyət göstərir ki, Rusiya beynəlxalq arenada daha sərt təpkilərlə qarşılaşa bilər. Tramp administrasiyasının Rusiyaya münasibətində müşahidə olunan dəyişikliklər də bu istiqamətdə əlavə təsir göstərə bilər. ABŞ-nin həm Ukrayna, həm də Polşa ilə bağlı məsələlərdə Qərbi daha aktiv şəkildə dəstəkləməsi mümkündür. Bu isə Rusiyanın imperiya iddialarının əksinə olaraq, Qərb blokunu daha da birləşdirə bilər".
Aytən Ağazadə