Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək-MM təsdiqlədi

Bölmə: Sosial › ,
Tarix: 21:41 16.05.2025

Parlament, ölkədən getmək hüququ məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydasının dəyişdirilməsini üçüncü oxunuşda qəbul edib.

 

"Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə məlumat dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür. Həmin sistemdə borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir.

Bu barədə “Elektron icra” sistemi vasitəsilə borclu fiziki şəxsə, borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir. Həmçinin borclu fiziki şəxsin və ya hüquqi şəxsin rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS bildirişi göndərilir.

 

Bu məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, son dəyişikliklərə əsasən artıq hüquqi şəxslərin rəhbərləri – yəni icraçı direktorlar və digər məsul şəxslər də bu prosesə daxil ediliblər:

 

"Əgər vətəndaşın banka, fiziki və ya hüquqi şəxsə aliment və ya digər növ borcu varsa və bu borcun ödənilməsi ilə bağlı məhkəmə qərarı mövcuddursa, lakin vətəndaş bu qərarı, üzrsüz səbəbdən, yerinə yetirmirsə, o zaman icra məmuru məhkəməyə müraciət edərək həmin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmasına nail ola bilər. Bu halda vətəndaşa SMS bildiriş göndərilir.

Bu mexanizm əvvəllər də mövcud idi. Lakin son dəyişikliklərə əsasən, artıq hüquqi şəxslərin rəhbərləri – yəni icraçı direktorlar və digər məsul şəxslər də bu prosesə daxil ediliblər.

 

Təəssüf ki, hazırda icra məmurları və məhkəmələr borclunun qərarı icra etməməsinin səbəbinin üzrlü və ya üzrsüz olmasını araşdırmırlar. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2012-ci il tarixli qərarına əsasən, bu cür məhdudiyyət yalnız borclunun üzrsüz səbəbdən icra etmədiyi hallar üçün tətbiq oluna bilər. Əgər şəxsin maddi imkanı olmadığı sübut olunarsa, onun ölkədən çıxış hüququna məhdudiyyət qoyulması hüquqa zidd hesab edilə bilər.

 

Əgər borclunun imkanı var, amma o, qəsdən borcu ödəmirsə, bu zaman “üzrsüz səbəbdən icra etməmə” meyarı tətbiq oluna bilər. Lakin bunu sübut etmək və təqdim etmək lazımdır.

 

Qeyd edək ki, hazırda hər bir icra məmurunun icraatında minlərlə belə iş mövcuddur. Mövcud təcrübədə isə fərdi hallar üzrə təhlil aparılmadan, avtomatik şəkildə çıxış məhdudiyyətləri tətbiq olunur. Bu isə vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər".

 

Xədicə Məhərrəmli