Xarici aksent sindromu nədir?-Psixoloq AÇIQLAYIR

Tarix: 13:08 17.05.2025
Xarici aksent sindromu nevroloji pozğunluqdur. Burada insan beyin zədəsi və ya insultdan sonra doğma dilində danışarkən yad bir ölkənin aksenti ilə danışmağa başlayır.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova “İnformator.az”a açıqlamasında bildirib ki, xarici aksent sindromu adətən beyindəki danışıqla bağlı nahiyələrin zədələnməsi nəticəsində ortaya çıxır:
“Bu zədə insult, travmatik beyin zədəsi, beyin şişi və ya nevroloji xəstəliklərdən sonra baş verə bilər. Nəticədə insanın səs tonu, ritmi, vurğusu və artikulyasiyası dəyişir. Dil dəyişməsə də, danışıq tərzi yad aksent təəssüratı yaradır. Əksər hallarda bu sindrom insult və ya kəllə-beyin travmasından sonra müşahidə olunur. Bəzən psixogen səbəblərlə, yəni ağır psixoloji travmalar, dissosiativ pozuntular və ya funksional nevroloji simptom pozuntuları fonunda da yarana bilər. Bu səbəbdən təkcə nevroloji yox, psixoloji qiymətləndirmə də vacibdir”.
Psixoloq qeyd edib ki, sindromun gedişi fərdidir:
“Bəzi hallarda müalicə və reabilitasiya ilə danışıq normal halına qayıda bilər, bəzn bu aksent illərlə qala və ya tam daimi ola bilər. Şəxs özündə bu dəyişikliyi qəbul edə bilmədikdə, əlavə stres, sosial çətinliklər yaşaya bilər. Xarici aksent sindromu yaşayan insanları bəzən cəmiyyət anlamır. Bu da, onların özünə inamına və emosional vəziyyətinə mənfi təsir göstərə bilər.
Psixoloq kimi bu insanlara psixoloji dəstək verərək, dəyişikliklə barışmalarına və yeni şəraitə uyğunlaşmalarına kömək etmək mümkündür. Bu sindrom təkcə nevroloqların deyil, loqopedlərin və psixoloqların da birgə çalışması ilə daha uğurla idarə oluna bilər”.
Əminə Əliyeva