“Rusiya atəşkəs imzalanmasa, ona qarşı sanksiyalar güclənəcək”- Politoloqdan ŞƏRH

Tarix: 18:15 17.05.2025
Almaniya kansleri Fridrix Mertz bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək.
Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, bu, sanksiya ilə bağlı yenilik deyil:
“3 gün öncə Rusiyaya qarşı enerji məsələləri ilə bağlı 17 sanksiya paketi qəbul olunacağı bilinirdi. Sanksiya paketi Rusiyanın kölgə donanmasına qarşı tətbiq edilib. Rusiya şirkətləri sanksiya altında olsa da, gizli şəkildə donanmalarla gəmilər neft məhsullarını daşıyıb satırlar. Kölgə donanmasında 149 gəminin adı məlumdur və elan olunub, Rusiyanın gizli şəkildə neft satışına cərimə qoyacaq və gəlirlərin azalmasına, iqtisadiyyatın zəifləməsinə səbəb olacaq”.
Politoloq qeyd edib ki, ayın 20-də elan eləməkdə məqsəd Rusiyanı İstanbulda sülh danışıqlarına məcbur etməkdir:
“Avropa İttifaqı düşünür ki, Tramp Rusiyanı İstanbul sülh danışıqlarına məcbur edə bilsə, atəşkəs əldə olunsa, sanksiyanı tətbiq etmək olar. Əks halda ABŞ bunu belə başa düşəcək ki, Avropa İttifaqı sanksiyaları bilərəkdən artırıb ki, Rusiya ilə anlaşmaq mümkün olmasın. İndiki halda Rusiya çox sərt mövqedən çıxış edir. Rusiyanın nümayəndəsi İstanbulda faktiki olaraq 4 regionun Rusiyaya verilməsini istəyir. Əks halda gələcəkdə bunun 6 region ola biləcəyini iddia edirlər. Artıq Almaniya Avropa İttifaqının növbəti sanksiya paketini elan edəcəyini vurğulayır. Faktiki olaraq Rusiya tezliklə anlaşmaya gəlməsə, atəşkəs imzalanmasa, Rusiyaya qarşı sanksiyalar güclənəcək. Bu sanksiyaların Ukraynaya faydası olmayacaq və bu şəkildə çalışacaqlar ki , Rusiyada maliyə və iqtisadi problemlər yaransın”.
Əminə Əliyeva