Milli Məclis hərbi işlər üzrə yeni hüquqi proseduru təsdiqləyib

Tarix: 00:08 18.05.2025
Milli Məclisin iclasında Cinayət-Prosessual Məcəlləyə yeni – 214.4-1-ci maddənin əlavə olunması müzakirəyə çıxarılıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrdə baş verən, böyük ictimai təhlükə törətməyən və aşkar olan cinayətlər üzrə təhqiqat sadələşdirilmiş icraatla aparılacaq.
Mövzu ilə bağlı Mehman Muradlı "İnformator.az"a açıqlamasında bildirib ki, yeni maddə hərbi qulluqçular üçün bir sıra prosedur yenilikləri təqdim edir:
“214.4-1-ci maddə ilə sadələşdirilmiş icraat mexanizmi hərbi xidmət şəraitində yaranan, lakin böyük ictimai təhlükə daşımayan cinayət hallarında tətbiq ediləcək. Bu, o deməkdir ki, məsələn, yüngül bədən xəsarətləri və ya müəyyən nizam-intizam pozuntuları kimi hallar artıq tamhəcmli istintaq prosedurlarından keçmədən, daha çevik və qısa müddətli formada araşdırılacaq. Bu isə hərbi qulluqçuların hüquqlarının pozulmadan, lakin vəsait və vaxt itkisinin qarşısı alınmaqla hüquqi prosesdən keçməsinə şərait yaradır. Qanun dəyişikliyi sıravi hərbi qulluqçular üçün hüquqi yükü yüngülləşdirə bilər. Lakin burada əsas məqsəd sadələşdirmədir, yəni ədalətli məhkəmə, müdafiə hüququ kimi fundamental prinsiplərə toxunulmur. Sadəcə prosedurlar çevikləşdirilir. Əgər bu cür işlər sadələşdirilmiş icraatla birbaşa məhkəməyə çatdırılacaqsa, hərbi məhkəmələrin iş yükü hiss olunacaq dərəcədə azala bilər. Əvvəllər daha geniş araşdırma tələb edən işlər artıq daha sürətli yekunlaşacaq və məhkəmələr əsas diqqəti ağır və mürəkkəb işlərə yönəldə biləcək. Lakin eyni zamanda bu, hərbi məhkəmə sistemindən daha operativ qərarvermə bacarığı tələb edəcək. Gələcəkdə bu sahədə kadr hazırlığı və resurs təminatı məsələləri də ön plana çıxa bilər".
Qeyd edək ki, sadələşdirilmiş icraat mexanizmi əvvəllər də mülki cinayət hallarında tətbiq olunurdu. Bu dəyişikliklə bu mexanizmin hərbi cinayət-hüquq münasibətlərinə də inteqrasiyası təmin olunur.
Selcan Əhmədli