Tallində IOTA-nın İcraiyyə Şurasının 153-cü iclası keçirilib

Tarix: 00:05 18.05.2025
Estoniyanın paytaxtı Tallin şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının 153-cü iclası keçirilib. İclasda təşkilatın hazırkı prezidenti, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də iştirak edib. Görüş zamanı vergi inzibatçılığı sahəsində əməkdaşlıq, rəqəmsal həllərin tətbiqi və təşkilatın gələcək strategiyası ilə bağlı məsələlər müzakirə olunub.
Mövzu ilə bağlı beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, təxminən 44-45 üzvü olan bu təşkilat hələ yeni fəaliyyət göstərməyə başlasa da, artıq qısa müddətdə vergi inzibatçılığı sahəsində mühüm platformalardan birinə çevrilib:
“IOTA-nın əsas məqsədi birbaşa investisiyaların cəlb olunması deyil. Təşkilat vergi inzibatçılığı və idarəçiliyi sahəsində dünya üzrə mövcud olan müsbət təcrübələrin öyrənilməsi, seminar və təlimlərin təşkili, eyni zamanda üzv ölkələrin müvafiq qurumları arasında effektiv kommunikasiyanın qurulması istiqamətində fəaliyyət göstərir. IOTA vergi qanunvericiliyi sahəsində müsbət addımlar, beynəlxalq standartlar və effektiv mexanizmlərin öyrənilib tətbiq edilməsində peşəkar dəstək göstərən qurumlardan biridir. Bu platforma həmçinin regionda vergi sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və qarşılıqlı təcrübə mübadiləsi baxımından böyük imkanlar yaradır".
Selcan Əhmədli