Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib

Tarix: 15:10 24.05.2025
Rusiya və Ukrayna daha əvvəl İstanbulda əldə olunan razılaşmalar çərçivəsində mayın 24-də yeni əsir mübadiləsi həyata keçirib.
“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 16-da İstanbulda əldə olunan Rusiya-Ukrayna razılaşmalarına əsasən, Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbi qulluqçunu qarşı tərəfə verib”, - qurumdan bildirilib.
“Genişmiqyaslı mübadilə davam etdiriləcək”, - nazirlikdən qeyd edilib.
Xatırladaq ki, dünən Rusiya və Ukrayna hərbi əsirlərin və mülki şəxslərin mübadiləsini aparıb. 270 rusiyalı hərbçi və 120 mülki şəxs Ukrayna əsirliyindən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri və 120 mülki şəxs Ukrayna tərəfinə təhvil verilib.
“1000-ə 1000” formatında mübadilə haqqında razılaşma ötən həftə İstanbulda baş tutmuş son üç ildə ilk birbaşa Rusiya-Ukrayna danışıqları zamanı əldə olunub.