Məhəmməd Salah Premyer Liqada Mövsümün Oyunçusu seçilib

Tarix: 22:20 24.05.2025
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah rekordlarla dolu möhtəşəm bir mövsüm keçirdikdən sonra Premyer Liqada "Mövsümün Oyunçusu" adına layiq görülüb. Bu nailiyyət onun komandasını çempionluğa daşımaqda mühüm rol oynaması ilə müşayiət olunub.
Mayın 24-də açıqlanan nəticəyə əsasən, Salah fərdi çıxışı ilə həm azarkeşlərin, həm də mütəxəssislərin rəğbətini qazanaraq mövsümün ən yaxşı oyunçusu elan olunub. 32 yaşlı misirli hücumçu mövsüm ərzində 28 qol vurub, 18 məhsuldar ötürmə edib və Arne Slotun rəhbərlik etdiyi "Liverpul" komandası dörd tur qalmış çempionluğu təmin edib.
Bu, Salahın karyerası ərzində ikinci dəfə bu ada layiq görülməsidir. O, ilk dəfə bu mükafatı 2017–2018 mövsümündə qazanıb. Beləliklə, Salah bu mükafatı iki dəfə qazanan beşinci futbolçu olub. Ona qədər bu uğura yalnız Tjeri Anri, Kriştiano Ronaldo, Nemanya Vidiç və Kevin De Brüyne nail olublar.
Hazırda Premyer Liqanın bombardirlər siyahısında "Nyukasl"ın futbolçusu Aleksandr İsakı beş qolla qabaqlayan Salah "Qızıl buts" mükafatına da ən real namizəddir. Onun 46 qol töhfəsi (qol+asist) Premyer Liqanın 38 oyunluq formatında yeni rekorddur. Salahın qarşısında yalnız 42 oyunluq formatda Alan Şirer və Endi Koulun 47 töhfəlik rekordu qalır.
Bundan əlavə, Salah bu mövsüm ən çox məhsuldar ötürmə verən futbolçudur. O, bu göstəricidə digər bütün oyunçuları altı ötürmə ilə qabaqlayır. Beləliklə, o, eyni mövsümdə "Qızıl buts", "Qızıl pleymeyker" və "Mövsümün Oyunçusu" mükafatlarını qazanan ilk futbolçu ola bilər.
Qeyd edək ki, Salah bu ayın əvvəlində həm də üçüncü dəfə İngiltərə Futbol Yazarları Assosiasiyasının “İlin Futbolçusu” mükafatına layiq görülüb.
ANEWZ
Gülhüseynova Güllər