Putindən Trampı qarşısına alacaq sözlər

Tarix: 20:38 27.05.2025
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin texnologiya nəhəngləri Microsoft və Zoom, eləcə də fast food şəbəkəsi McDonald's-ı hədəf alıb. Putin, “Onların nəfəsinin kəsilməsi lazımdır. Tamamilə razıyam. Çəkinmədən deyirəm, çünki onlar da bizi boğmağa çalışırlar, biz də cavab verməliyik", – deyib.
Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskva şəhərində müxtəlif sahələrdən olan şirkət nümayəndələri ilə görüş keçirərək iqtisadiyyata dair dəyərləndirmələrini bölüşüb. Rusiya iqtisadiyyatının alıcılıq qabiliyyəti baxımından dünyada dördüncü yerə yüksəldiyinə diqqət çəkən Putin, “Rusiya iqtisadiyyatı 2023-cü ildə 4,1 faiz, keçən il isə 4,3 faiz artaraq çətin şəraitdə yüksək templə böyüyür. Bu, yaxşı göstəricidir", – deyə bildirib.
Putin çıxışında ABŞ şirkətlərinin Rusiyaya tibbi avadanlıqlar və xidmətlər təqdim etməyə davam etdiyini, Avropa şirkətlərinin isə bu fəaliyyətləri dayandırdığını qeyd edib. O, yerli istehsal əvəzinə idxal məhsullarının istifadəsinə yol açan bütün “boşluqların” bağlanmalı olduğunu vurğulayaraq, “Əks halda heç bir yerli məhsulumuz qalmayacaq",– deyib.
Görüşdə iştirak edən iş adamlarından birinin Microsoft və Zoom kimi xidmətlərin Rusiyada hələ də qazanc əldə etməsi ilə bağlı fikirlərini dəyərləndirən Putin, “Onların nəfəsinin kəsilməsi lazımdır. Tamamilə razıyam. Çəkinmədən deyirəm, çünki onlar da bizi boğmağa çalışırlar, biz də cavab verməliyik", – deyə təkrarlayıb.
Putin, rus istifadəçilərinin “pis vərdişlər” yaradan Qərb xidmətlərindən də qurtulmalı olduğunu bildirib. Ukrayna müharibəsi başladıqdan sonra Rusiya bazarını tərk edən McDonald's haqqında danışan Putin, “Hamını çətin vəziyyətdə qoydular, getdilər və əgər indi geri qayıtmaq istəyirlərsə, onlar üçün yol açmayacağıq", – deyə əlavə edib.
Haberler.com
Aygün Babayeva