Zelenskinin Almaniya səfəri perspektivli nəticə ilə müşahidə olunmayacaq

Tarix: 23:25 28.05.2025
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya səfər edəcək.
Bununla bağlı xarici KİV məlumat yayıb.Bildirilib ki, Ukrayna Prezidenti Almaniya kansleri Fridrix Mertzlə görüşəcək.Görüşdə Almaniyanın Ukraynaya dəstəyi və atəşkəsə nail olmaq səyləri müzakirə olunacaq.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna məsələsi ilə bağlı vəziyyət Ukraynanın lehinə deyil:
“Bunun da səbəbi Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və beləliklə də Ukraynaya verilən dəstəyin dayandırılmasıdır. Təbii ki, burada əsas məqsəd Birləşmiş Ştatların Çinə qarşı mübarizəsinin prioritet olmasıdır. Buna görə Birləşmiş Ştatlar üçün Ukrayna məsələsi arxa plana keçir. Yaranan vəziyyət istifadə edən Vaşinqton faydalı qazıntılarla bağlı saziş imzalatdıqdan sonra öz maraqlarını təmin edib.
Təbii ki, Vaşinqton Rusiyanın maraqlarına qarşı çıxmaq istəmir. Beləliklə də real mənzərə ondan ibarətdir ki, Ukrayna iki hissəyə bölünür. Bir tərəfdə Birləşmiş Ştatlar qeyri-rəsmi Ukrayna ərazilərinə nəzarət edir. Digəri tərəfdən isə Rusiya çalışır ki, işğal etdiyi əraziləri əlində saxlasın. Ukrayna ərazi güzəştlərinə məcbur etsin. Birləşmiş Ştatların da əsas məqsədi Ukraynanı ərazi güzəştlərinə məcbur edərək atəşkəsə nail olsun. Ukrayna dirəniş göstərir.
Amma Ukraynanın dirənişinin hazırda perspektivi görünmür. Çünki Avropa İttifaqına qarşı Birləşmiş Ştatlardan təzyiq işə düşəcək. Xüsusilə Fransa ilə bağlı daha ciddi təzyiqlərin olacağı gözlənilir. Ona görə Avropa İttifaqı sadəcə olaraq öz təhlükəsizliyinin təmin olunmasına çalışır”.
Əli Zülfüqaroğlu qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyadan Avropa İttifaqına qarşı təzyiq vasitəsi kimi istifadə edir:
“Çünki Rusiyanı təhdid kimi Avropa İttifaqını Birləşmiş Ştatların tələblərini yerinə yetirməyə məcbur edir. Birləşmiş Ştatların tələbləri ondan ibarətdir ki, Avropa İttifaqının təhlükəsizliyini qoruyur. O zaman Avropa İttifaqı bütün xərcləri özü götürməlidir. Bununla bağlı fikir ayrılıqları dərinləşir.
Avropa İttifaqının daxilində artıq parçalanmalar, fikir ayrılıqları var. Əksər Avropa Dövlətləri Rusiya ilə münasibətlərin normallaşma tərəfdarı kimi çıxış edir. Sadəcə olaraq Belçika, rəsmi Brüssel, Fransa çalışır ki, müəyyən qədər Ukraynadan təzyiq kimi istifadə etsin. Beləliklə də Rusiyadan Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı qarant sözü alsın”.
Ekspert vurğulayıb ki, əsas real mənzərə bundan ibarət olduğu üçün Ukraynaya müsbət perspektivləri görünmür:
“Digər tərəfdən Zelenskinin bundan sonrakı siyasi taleyi də sual altındadır. Ümumilikdə mənzərə ondan ibarətdir ki, Ukrayna ilə bağlı böyük ölçü də məsələlər həll olunub. Ukrayna ərazi güzəştlərinə getməyə məcbur ediləcək. Ona görə də Zelenskinin Almaniya səfərinin ciddi bir dəyişikliyə səbəb olacağını gözləmək olmaz.
Almaniya da müharibə başlayana qədər Rusiya ilə münasibətləri gərginləşdirməməyə çalışıb. Adminstrasiya bunu məcbur edib. Real mənzərə bundan ibarət olduğu üçün Zelenskinin Almaniya səfəri heç bir perspektivli nəticə ilə müşahidə olunmayacaq”.
Nuray Əliyeva