“Laçında hava limanının fəaliyyətə başlaması logistik imkanların genişlənməsinə şərait yaradır”

Tarix: 22:03 27.05.2025
28 May – Müstəqillik Günündə Azərbaycanın daha bir mühüm tarixi hadisəyə şahidlik edəcəyi gündür. Laçın Beynəlxalq Hava Limanının açılışı ilə işğaldan azad edilən torpaqlarda həyata keçirilən böyük infrastruktur layihələrinə daha biri əlavə olunacaq. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak edəcəklər.
Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Laçın və Füzuli kimi bölgələrdə hava limanlarının açılması strateji əhəmiyyət daşıyır:
“Qısa müddət ərzində həmin ərazilərə hərbi birləşmələrin və hərbi texnikanın göndərilməsi mümkündür. Bu isə canlı qüvvənin operativ şəkildə yerləşdirilməsini, müdafiə qabiliyyətinin və hücum potensialının artırılmasını təmin edir. Xüsusilə, Laçın rayonu Ermənistanla sərhəddə yerləşdiyindən bu cür infrastrukturun mövcudluğu daha da əhəmiyyətlidir. Çünki Ermənistanla hələ də sülh müqaviləsi imzalanmayıb və həmin ərazilərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qalması strateji baxımdan önəmlidir.
Eyni zamanda Kəlbəcər bölgəsinin ciddi logistika problemi var. Kəlbəcərə əsas yollar Ağdərə və Laçın üzərindən keçir. Bu baxımdan, Laçında hava limanının fəaliyyətə başlaması logistik imkanların genişlənməsinə və əhalinin rahat hərəkətinə şərait yaradır. Uzaq məsafələri qət etmədən qısa zamanda hava nəqliyyatı ilə əraziyə çatmaq mümkün olacaq. Bu həm daxili hərəkətliliyin, həm də iqtisadi fəaliyyətin inkişafına xidmət edir”.
Müsahib qeyd edib ki, hava limanının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirak etməsi də bu layihənin siyasi və hərbi əhəmiyyətini göstərir:
“Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan əməkdaşlıq, xüsusilə hərbi sahədəki yaxınlıq nəzərə alındıqda, üç liderin Laçında bir araya gəlməsi bu bölgənin strateji baxımdan önəmli olduğunu sübut edir. Bu, eyni zamanda potensial hərbi güc nümayişinin mümkünlüyünə dair beynəlxalq ictimaiyyətə verilən siyasi bir mesajdır”.
Əminə Əliyeva