ABŞ-də etirazlar başlayıb:İğtişaşları yatırmaq üçün dəniz piyadaları göndərilə bilər

Tarix: 10:49 08.06.2025
ABŞ-nin müdafiə naziri Pit Heqset qeyri-leqal mühacirlərin deportasiyasının əleyhinə keçirilən etirazları yatırmaq üçün Los-Ancelesə (Kaliforniya ştatı) Dəniz Piyadaları Korpusu hərbçilərinin göndərilməsini mümkün hesab edib.
"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Pentaqonun rəhbərinin sözlərinə görə, Los-Ancelesdə etirazçılar və qeyri-qanuni mühacirləri saxlayan ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları arasında toqquşmalar ölkənin "milli təhlükəsizliyinə ciddi təhlükə" yaradır.
"Müdafiə Nazirliyi Los-Ancelesdə federal hüquq-mühafizə orqanlarına dəstək üçün dərhal Milli Qvardiyanı göndərir. İğtişaşlar davam edərsə, Dəniz Piyadaları Korpusu hərbçiləri də səfərbər olunacaq və yüksək hazırlıq vəziyyətinə gətiriləcək".
Qeyd edək ki, cümə günü Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanılması başlayıb. Şənbə günü axşam saatlarında azı 44 nəfər miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə etiraz aksiyaları başlayıb.