Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli bəyanatlar

Tarix: 21:54 27.05.2025
2025-ci ildə “Yerevan Dialoqu” forumunda İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi ziddiyyətli bəyanatlar bu məsələ ətrafında fikir ayrılığını üzə çıxardı. Prezident və diplomatik dairələr yumşaq mövqe sərgiləsə də, SEPAH və digər sərt xətt tərəfdarları layihəyə qarşı çıxır. Bu isə İran–Azərbaycan münasibətlərində yeni gərginliklər yaradır.
İranın dəhlizə münasibətindəki ziddiyyətlər, daxili fikir ayrılıqları onun xarici siyasətinə necə təsir edir və bu durum İran–Azərbaycan münasibətlərini hansı istiqamətə yönəldə bilər?
Mövzu ilə əlaqədar politoloq Natiq Miri "İnformator.az"a bildirib ki, İran rəsmilərinin – istər hökumət, istər SEPAH, istərsə də Xarici İşlər Nazirliyi və ona bağlı diplomatlar səviyyəsində – Zəngəzur dəhlizinə münasibəti mahiyyət etibarilə demək olar ki, eynidir:
"Sadəcə olaraq, bu mövqenin ifadə olunma forması fərqlidir. Hökumət səviyyəsində daha yumşaq və diplomatik dillə səsləndirilir, SEPAH və Xomeyni ətrafı isə bunu daha sərt, açıq və bir mənalı şəkildə bildirir. Lakin əsas məzmun dəyişmir: Zəngəzur dəhlizinin “dəhliz statusunda” açılması İranın milli maraqlarına ziddir.
Hökumət səviyyəsində məsələ “Biz dəhlizə qarşı deyilik, sadəcə Ermənistanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır” kimi formalaşdırılır. Buraya prezident Məsud Pezeşkian və onun rəhbərlik etdiyi hökumətin diplomatları da daxildir. Həmin səviyyədə – məsələn, Ermənistan səfiri və ya xarici işlər nazirinin müavini səviyyəsində – dəhlizin açılmaması üçün Ermənistanın mövqeyinin birbaşa dinlənilməsi vurğulanır.
Əslində isə bu, birbaşa başqa ölkələrin daxili işlərinə müdaxilə sayılır. Çünki həmin sərhədlərin və ərazilərin İrana heç bir aidiyyəti yoxdur. Doğrudur, İran bu məsələ ilə bağlı öz narahatlığını ifadə edir ki, guya dəhliz statusunda açılarsa, ərazi eksteryal (yəni Azərbaycanın yurisdiksiyasında) olacaq və bu zaman Ermənistanla quru sərhədlərini itirəcək. Amma reallıqda belə bir təhlükə yoxdur. İran bu bəhanə ilə nəqliyyat-kommunikasiya xəttinin dəhliz statusunda açılmasının əleyhinə çıxır. Nəticə etibarilə isə istər hökumət, istər SEPAH, istər Xomeyni və ətrafı eyni şeyi deyir: “Dəhliz statusunda olmasın”, “Ermənistanın suverenliyi qorunsun” – bu iki fikir eyni məqsədə xidmət edir.
Buna görə də burada İran daxilində ciddi fikir ayrılığı görmürəm. Sadəcə olaraq, bu fərqli ritorika Azərbaycana münasibətlə bağlıdır. İran daxilində Azərbaycanı sevməyən, onu özünə düşmən kimi görən qüvvələr var və onlar daim sərt ritorika və ya diplomatik dillə düşmənçilik mövqeyini davam etdirirlər. “Biz nəqliyyat-kommunikasiya xətlərinin açılmasının əleyhinə deyilik, yetər ki, Ermənistanın suverenliyi qorunsun” fikri də əslində Azərbaycanın əleyhinə olan mövqedir və dolayısıyla anti-Azərbaycan ritorikanın davamıdır".
Ekspert bildirib ki, İran hökuməti daxilində müxtəlif mövzularda – idarəetmə, dil, mədəniyyət, cəmiyyət və s. – fikir ayrılıqları var:
"Lakin Ermənistanla bağlı məsələdə ciddi fikir ayrılığı görünmür. İran-Azərbaycan münasibətləri isə tarixən həssas olub və daim incə bir balans üzərində dayanıb. SEPAH kimi qüvvələr informasiya təxribatları və dezinformasiyalar vasitəsilə bu münasibətləri ciddi şəkildə poza biliblər.
Bəzi dairələr İran-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığını desələr də, bu əməkdaşlığın nə qədər dayanıqlı olduğu qarşıdakı təxribatlar zamanı üzə çıxacaq. Əgər münasibətlər hər hansı təxribat və ya dezinformasiyaya qarşı dayanıqlı deyilsə, deməli, əməkdaşlığın özü də dayanıqlı deyil və ciddi problemlər var".
Türkan Kərimli