Şahbaz Şərif İrana səfər edib

Tarix: 22:16 27.05.2025
Şahbaz Şərifi Tehranın Mehrabad hava limanında İranın daxili işlər naziri İskəndər Momeni qarşılayıb.
O, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlərlə bağlı İran rəsmiləri ilə görüşlər keçirəcək.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu səfər Türkiyədən sonra həyata keçirilib:
“Şahbaz Şərifin İran səfəri Türkiyədən sonra gerçəkləşir. Bildirilir ki, İrandan sonra onun Azərbaycana və Tacikistana da səfəri gözlənilir. Məncə, bu, təsadüfi deyil. Hindistan-Pakistan arasında son günlərdə yaranan gərginlik və bu prosesin müvəqqəti səngiməsi, Pakistan üçün müəyyən ciddi əməkdaşlıq formatlarının axtarılması, qonşu ölkələrin məsələlərə münasibətini öyrənmək və potensial müttəfiqləri müəyyənləşdirmək zərurətini ortaya çıxarıb. Ehtimal olunur ki, bu münaqişə müvəqqəti dayanıb və yenidən alovlana bilər. Yəqin ki, bu fürsətdən istifadə edərək, Pakistan öz müttəfiqlərini müəyyənləşdirmək istəyir. Əgər Hindistanla yenidən qarşı-qarşıya gələrsə, qonşu dövlətlərin, xüsusilə də müsəlman ölkələrinin hansı mövqe tutacaqlarını bilmək istəyir.
Digər vacib məsələlərdən biri də Pakistanın bir hissəsi olan Bəlucistanda yaşanan ciddi problemlərlə bağlıdır. Bəlucistanın bir hissəsi həm də İran ərazisinə daxildir. Bu məsələ ilə bağlı Pakistan və İranın anlaşma içində olması zəruridir. Eyni zamanda, İran-Hindistan əməkdaşlığı mövcuddur və bu münasibətlərin dərinləşməsi ehtimalı da var. Münaqişə zamanı İranın tutacağı mövqe və dayanacağı tərəf də Pakistan üçün əhəmiyyətlidir.
Səfər çərçivəsində Şahbaz Şərif İrana sülhpərvər mövqeyinə görə təşəkkür edib. Yəni İran, əslində, neytral mövqe sərgiləyib. Amma əgər münaqişə böyüsə, İran da tərəf seçmək məcburiyyətində qala bilər. Ola bilsin ki, bu səfər zamanı İrandan növbəti eskalasiya baş verərsə, ən azı neytral mövqedə qalması, ideal halda isə Pakistanı dəstəkləməsi istənilə bilər. Eyni zamanda, İranın mövqeyini öyrənmək istəyirlər: “İran hansı tərəfi dəstəkləyəcək?”, “İstəkləri nələrdir?”, “İranı və Pakistanı birləşdirən hansı məqamlar var?” və s. Bu səfər zamanı bu məsələlər də müzakirə edilə bilər.
Bundan əlavə, məlumdur ki, Çin həm İranla, həm də Pakistanla ciddi əməkdaşlıq edir. Bu baxımdan, Çin üzərindən İranın da Pakistanı dəstəkləməsi ehtimalı mövcuddur”.
Politoloq əlavə edib ki, İran bir çox regional məsələlərdə müsəlman ölkələrin qarşısında görünür:
“Təəssüf ki, bir çox regional münaqişələrdə İranı daim müsəlman ölkələrin qarşısında görürük. Azərbaycan-Ermənistan münaqişəsi dövründə İran Ermənistanı dəstəkləyirdi. Bu münaqişədə də Hindistanın yanında yer alarsa, bu bizi təəccübləndirməz.
Amma bütün hallarda, yəqin ki, Şərif bu riskləri dəyərləndirir və İranla daha yaxın münasibətlər qurmaqda maraqlıdır. Düzdür, Pakistan və İran arasında müəyyən sərhəd gərginlikləri olub. Amma indiki yeni dünya düzəni və qlobal gərginliklərin artması fonunda, belə bir şəraitdə qonşu dövlətlər xırda münaqişələrdən imtina edə bilərlər.
Bu baxımdan, Hindistan-Pakistan münaqişəsi regionda bir çox xırda münaqişələri, o cümlədən İran və Pakistan arasında olan anlaşılmazlıqları da əhəmiyyətsizləşdirə və bu səfər zamanı həll edilə bilər.
Bundan başqa, düşünürəm ki, türk və müsəlman aləminin bir uzlaşma içərisində olması və gələcəkdə çoxqütblü dünyanın yeni qütblərindən birinin bu coğrafiyada yaranması ehtimalı kifayət qədər yüksəkdir. Pakistan, Türkiyə və Azərbaycan artıq bu istiqamətdə ciddi addımlar atıblar. Gələcəkdə İranın da bu ittifaqa, bu birliyə qoşulma ehtimalını yüksək qiymətləndirirəm.
İranda gedən proseslər nəticəsində düşünürəm ki, İran da bölgə dövlətlərinə uyğun bir xarici siyasət izləyən dövlətə çevrilə bilər. Hətta İranın gələcəkdə türk dövlətinə çevriləcəyini düşünür və ümid edirəm ki, belə olarsa, İran Pakistanı və Azərbaycanı müdafiə edən bir xarici siyasət yürüdə bilər.
Pezeşkiyanın İranda prezident olması bu ümidləri artırır. Qeyd edim ki, Şərifin Pezeşkiyanla görüşü də gözlənilir. O, artıq dini liderlə görüşüb və yəqin ki, növbəti görüş İran prezidenti ilə baş tutacaq".
Lalə Qurbanlı