İsrailli bir qrup manqal partisi təşkil edib

Tarix: 22:29 27.05.2025
İsrailin intensiv hücumları və humanitar yardıma tətbiq etdiyi embarqo səbəbilə Qəzza Zolağında körpələr və uşaqlar aclıqdan həyatını itirərkən, bir qrup israilli Qəzza sərhədinə yaxın bir nöqtədə manqal partisi təşkil edib.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə bir qrup israillinin, Birləşmiş Millətlər Təşkilatına görə indiyə qədər müşahidə olunan ən böyük aclıq böhranlarından birinin yaşandığı Qəzza Zolağı yaxınlığında manqal edib əyləndiyi görünüb.
Həmin qrupun İsrail ordusunun hücumları nəticəsində xarabalığa çevrilmiş Qəzzadakı yaşayış məntəqələrindən sadəcə bir neçə dəqiqəlik məsafədə, tikanlı məftillərlə əhatə olunmuş bir ərazidə musiqi sədaları altında manqal etməsi görüntülərə əks olunub.
Sosial mediada etiraz doğuran həmin görüntünün iki gün əvvəl yayılmağa başladığı bildirilib. BMT isə İsrailin hücumları altında olan Qəzzada yaşayan 2,1 milyon insanın hamısının ciddi və uzun müddətdir davam edən qida çatışmazlığı ilə üz-üzə olduğunu vurğulayıb.
Qəzzadakı Fələstin hökuməti isə 24 may tarixində verdiyi açıqlamada, İsrailin tətbiq etdiyi sistemli aclıq siyasəti səbəbilə 80 gün ərzində aralarında körpə, uşaq və yaşlıların da olduğu 326 fələstinlinin həyatını itirdiyini bildirib.
TRT XƏBƏR
Lalə Qurbanlı