"Ukrayna ilə danışıqların tarixi tezliklə müəyyən ediləcək"-Lavrov

Bölmə: Siyasət › ,
Tarix: 22:01 28.05.2025

 

 

 

Lavrovun Ukrayna ilə danışıqlarda yeni raundun tarixinin tezliklə müəyyən ediləcəyini bildirməsi, regionda gərginliyin artdığı bir vaxtda Rusiyanın diplomatik müstəviyə qayıtmaq istəyi kimi qiymətləndirilə bilər. Bu açıqlama həm beynəlxalq təzyiqlərin, həm də sahədəki real vəziyyətin Moskvanı danışıqlara yenidən maraq göstərməyə vadar etdiyini göstərir.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformatortor.az"a açıqlamasında bildirib ki, Rusiyanın sülh danışıqlarına maraq göstərməsi Kreml üçün olduqca ağır bir situasiyanın yaranmasından xəbər verir:

 

"Son vaxtlara qədər Kreml özünə çox arxayın idi və danışıqlar masasında təhdidkar mesajlar verir, qəbul edilməz şərtlər irəli sürürdü. Ancaq ABŞ-nin vasitəçilik missiyasından geri çəkilməsindən sonra dörd ölkənin – Almaniya, ABŞ, Böyük Britaniya və Fransanın – Ukraynaya uzaqmənzilli zərbə silahları vermək qərarına gəlməsi Rusiyanı ciddi şəkildə narahat edir. Xüsusilə də bu dörd ölkə ortaq şəkildə qərar qəbul ediblər ki, rəsmi Kiyevin Rusiyanın dərinliklərinə zərbə endirməsi ilə bağlı sərbəst qərar qəbul etməsinə müdaxilə olunmasın. Yəni, artıq rəsmi Kiyev Rusiyanın istənilən yerinə, istənilən ərazisinə zərbə endirməkdə məhdudiyyətlərlə üzləşməyəcək və sərbəst qərar qəbul etmək hüququna malik olacaq. Bu isə Rusiya üçün olduqca təhlükəli bir situasiyadır, çünki Rusiyanın belə total hücum vəziyyətinə müqavimət göstərmək potensialı o qədər də ümidverici deyil".

 

Ekspert həmçinin bildirib ki, artıq Ukrayna ordusu ən müasir hücum silahları ilə təchiz olunacaq və daha dağıdıcı zərbələr endirmək imkanına malik olacaq:

 

"Ona görə də Rusiya ciddi şəkildə narahatdır və bu narahatlığını da Ukrayna ilə sülh danışıqlarının növbəti raundunun başlanması təklifləri ilə büruzə verir. Hətta Lavrovun bu açıqlamasına paralel olaraq Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da bir açıqlama verib və bildirib ki, Rusiya Prezidenti və Ukrayna Prezidenti arasında görüşün keçirilməsi mümkündür. Bu da çox ciddi bir açıqlamadır, çünki son vaxtlara qədər Rusiya Prezidenti başda olmaqla bütün Kremlin təmsilçiləri Ukrayna Prezidenti Vladimir Zelenskini qeyri-legitim prezident hesab edirdilər. İndi isə Rusiya elə bir vəziyyətə düşüb ki, qeyri-legitim hesab etdiyi Ukrayna Prezidenti ilə Rusiya Prezidentinin görüşünü mümkün hesab edir. Belə anlaşılır ki, Kreml artıq təhdidkar, aqressiv mövqenin Rusiya üçün bumeranq effekti verdiyini anlayıb və vəziyyətdən çıxış üçün yenidən sülh masasına qayıdış mesajları verir. Ancaq ABŞ və Avropa Birliyinin buna növbəti dəfə aldanacağı o qədər də inandırıcı görünmür. Böyük ehtimalla Rusiya özünün törətdiyi fəlakətli situasiyanın real nəticələri ilə üz-üzə qalmaq məcburiyyətində olacaq".

 

Politoloq Oqtay Qasımov da açıqlamasında bildirib ki, Lavrovun ukraynalılarla yaxın zamanda danışıqlar keçirməsi ilə bağlı verdiyi bəyanat daha çox beynəlxalq təzyiqlərin və etirazların nəticəsi kimi qiymətləndirilir:

 

"Belə ki, uzun müddətdir Rusiya bu məsələlər ətrafında manipulyasiya və ritmik imitasiya prosesi aparırdı. “Danışıqlara və atəşkəsə hazırıq” kimi açıqlamalar versə də, real əməli addımlar atılmır, əksinə, Ukraynanın əraziləri kütləvi hücumlara məruz qalır və Ukraynada bufer zonanın yaradılması fikirləri səsləndirilirdi. Eyni zamanda Kiyevə və digər böyük şəhərlərə kütləvi raket və PUA hücumlarının şahidi olduq. Bu isə xüsusilə ABŞ və onun prezidentini qəzəbləndirən addımlar idi. Tramp da Putinin bu davranışlarının qəbuledilməz olduğunu qeyd etməklə öz narazılığını ifadə etdi. Rusiyada ABŞ tərəfindən hazırlanmış və əgər proses bu cür davam edərsə tətbiq olunacaq ağır sanksiyalar məsələsini müəyyən qədər yubatmaq, eləcə də Trampın zəif nöqtəsindən istifadə etməklə bu sanksiyaların tətbiq olunmamasına çalışır. Məhz bu baxımdan, qeyd olunan danışıqlar məsələsinin də bununla bağlı olduğu düşünülür. Hərçənd ki, Rusiyanın müəyyən təşəbbüsləri müşahidə olunsa da, onun kifayət qədər ciddi problemlərinin olması bu prosesi təhdid edən əsas amillərdəndir".

 

Güllər Gülhüseynova