Rusiya Tiflisi “qaytarıb”, İrəvanda “çalışır” – Bəs Bakı?-ABŞ

Bölmə: Siyasət › ,
Tarix: 23:04 28.05.2025

 

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin (DIA) qlobal təhlükələrlə bağlı son hesabatında Rusiyanın Cənubi Qafqazda artan təsiri ilə bağlı ciddi narahatlıq ifadə olunub.

 

Sənəddə qeyd olunur ki, Moskva Gürcüstanı yenidən təsir dairəsinə qaytarıb. Xüsusilə “Gürcü Arzusu” partiyasının rəhbərlik etdiyi hökumətin fəaliyyəti və 2023-cü il seçkilərindən sonra yaranan vəziyyət Rusiyaya ölkədə mövqeyini gücləndirməyə imkan verib.

 

Ermənistanla bağlı bildirilir ki, Rusiya ilə münasibətlər gərgin olaraq qalır, İrəvan KTMT-dən çıxmağı belə gündəmə gətirib. Moskva isə Ermənistan hökumətini gözdən salmaq üçün informasiya əməliyyatları həyata keçirib.Diqqətçəkən məqam isə Rusiya Azərbaycan münasibətlərini qiymətləndirən heç bir məqam yoxdur.

 

Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın son illərdə Cənubi Qafqazda təsirinin artması barədə deyilənlər tamamilə doğrudur:

 

“Amerika və digər Avropa ölkələrinin bundan ciddi narahat olduqları açıq görünür.

 

Xüsusilə, Gürcüstanda aylar öncə baş verən hadisələr və nəticədə Rusiyayönlü iqtidarın qalib gəlməsi, Moskvanın Cənubi Qafqaz üzərində təsirinin hələ də güclü olduğunu göstərib.

 

Qərbin "xarici agentlər haqqında" qanunun qəbulundan sonra Gürcüstana olan təsiri demək olar ki, minimuma enib. Bu təsirlərin nə zaman bərpa olunacağı isə yaxın perspektivdə görünmür.Hazırda hakim "Gürcü Arzusu"nun Gürcüstanda nüfuzu müxalifətlə müqayisədə üstündür. Bunu keçirilən son seçkilər də göstərib.

 

Gürcüstan üçün böyük xidmətlər göstərmiş Mixail Saakaşvili hələ də həbsdədir. Onun azadlığı üçün görünən odur ki, müxalifət heç nə edə bilmir. Bu isə onu göstərir ki, Qərb Gürcüstanda əsas dayağı sayılan müxalifət qüvvələri vasitəsilə heç bir nəticə əldə edə bilmir.Deməli, Qərb Gürcüstanı itirib, əvəzində Rusiya onu yenidən geri qaytarıb.

 

Siyasi şərhçi diqqətə çatdırıb ki, bu açıqlamalarda Ermənistanla bağlı olan hissə ilə razılaşmıram:

 

“Çünki ABŞ-nin deyəsən, son aylarda Rusiya-Ermənistan yaxınlaşmasından xəbəri yoxdur. Ciddi yaxınlaşma müşahidə olunur.

 

Paşinyanın Qələbə Paradı ilə bağlı Moskva səfəri, son olaraq Sergey Lavrovun İrəvana səfəri göstərib ki, Ermənistan hələ də Rusiyanın tam olaraq çətiri altındadır.

 

Ermənistanın KTMT-dən çıxması məsələsinə gəlincə, İrəvan buna heç vaxt cəsarət etməz. Bu, onun sonu ola bilər. Kreml yaratdığı "rus NATO"sundan forpostunun çıxmasına heç bir halda göz yuma bilməz.

 

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə, bu əlaqələr istənilən halda normaldır. Bəzən müəyyən soyuqluq yaşansa da, Rusiya Azərbaycana, Azərbaycan da Rusiyaya böyük önəm verir.

 

Sadəcə, Rəsmi Bakı daim balanslı siyasətə üstünlük verir və bu siyasətə daim sadiq qalır. Bu səbəbdən də Kremlin Cənubi Qafqazda artan nüfuzundan narahat olmağa dəyməz.Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Onun gücü ilə Rusiya da daxil olmaqla bütün qüvvələr hesablaşır.

 

Amerika da Bakının balanslı siyasətinə sadiq qaldığına tam əmindir və Azərbaycana güvənir. Eləcə də Rusiya...


Bu baxımdan Azərbaycanı Ermənistan və Gürcüstanla ümumiyyətlə müqayisə etmək qətiyyən olmaz”.

 

 

Mahmudlu Ləman