“ Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa çox böyük önəm verib ” -ŞƏRH

Tarix: 23:14 28.05.2025
2025-ci ildə Aİ-Azərbaycan tərəfdaşlığı güclənir. Aİ nümayəndəsi Peter Mixalko bildirib ki, əməkdaşlıq enerji, nəqliyyat və rəqəmsal sahələrdə genişlənir, yaşıl enerji təşəbbüsləri dəstəklənir. Tərəfdaşlıq ortaq dəyərlərə əsaslanır.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan daim Avropa İttifaqı ilə əməkdaşlığa çox böyük önəm verib:
“Zaman-zaman Avropa İttifaqı dairələri Azərbaycana qarşı bir mənalı olmayan qərəzli, bəzi hallarda da düşmənçilik siyasəti həyata keçiriblər. Azərbaycana qarşı daim qarayaxma, şər-böhtan kampaniyasının həyata keçirilməsində Avropa dairələri son dövrlərdə də fəallıq nümayiş etdirirlər. Avropa ölkələrinin bəzi dairələri Azərbaycana qarşı bu cür haqsız və ədalətsiz mövqe nümayiş etdiriblər.
Onlar bəzi hallarda Azərbaycana hədə və təhdid dili ilə danışıblar. Amma bu heç bir zaman nəticə verməyən bir siyasət olub.
Azərbaycanın qətiyyətli, sərt eyni zamanda milli və dövlətçilik maraqlarını əsaslanan müstəqil siyasəti bu təhdidlərin, kampaniyaların tutarlı, layiqli cavabı olub. Amma Avropa İttifaqı ölkələri də yaxşı başa düşürlər ki, onların Cənubi Qafqazda əvəzsiz və yeganə tərəftaşı bölgənin lideri olan Azərbaycandır. Azərbaycan Avropanın xüsusilə, enerji təminatında çox böyük rol oynayır. Azərbaycan müəllifi olduğu nəhəng enerji layihələri, neft-qaz və digər enerji layihələri ilə Avropa daim bu layihələrdən bəhrələnib”.
Politoloq qeyd edib ki, Azərbaycan bu istiqamətdə çox böyük işlər həyata keçirib:
“Bu baxımdan həm enerji layihələri, həm iqtisadi layihələr, həm qarşılıqlı idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi sahəsində Azərbaycanın Avropa verdiyi töhfə əvəz edilməzdir. Azərbaycan daim çalışıb ki, bu əməkdaşlığı dərinləşdirsin və irəliyə aparsın. Bəzi hallarda Avropa dairələri bu xoş niyyətə qarşı heç də səmimi olmayıb. Əksinə riyakar və iki üzlü siyasət həyata keçiriblər.
Təbiidir ki, Avropa öz siyasətində, qərəzli mövqeyində müəyyən düzəlişlər etməlidir. Çünki yalnız bu halda Azərbaycan Avropa ilə gələcək, əməkdaşlığı və perspektivləri irəliyə aparması istiqamətində fəaliyyət göstərər. Əgər Avropa İttifaqı dairələri bu əməkdaşlığı səmimi formada dərinləşdirmək və irəliyə aparmaq istəyirlərsə də Azərbaycan bu halda yenə də öz xoş niyyətini, əməkdaşlığın şaxələndirilməsi istiqamətində mövqeyini ortaya qoyar”.
Nuray Əliyeva