Ərdoğanın Laçın Səfəri: Simvolik Mesajlar və Strateji İşıq

Bölmə: Siyasət › ,
Tarix: 23:21 28.05.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri təkcə diplomatik münasibətlərin davamı deyil, həm də simvolik və strateji məqamlarla yadda qaldı. Laçın Beynəlxalq Hava Limanından başlanan bu səfər, verilən görüntülər və simvollar vasitəsilə geniş siyasi mesajlar ehtiva edir.

 

Ərdoğanın Laçından səfərə başlaması, buğda simvolları və səfərin TDT kontekstində verdiyi strateji və simvolik mesajlar nə ifadə edir?

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir:

 

"Prezident Ərdoğanın təyyarəsinin Laçın Beynəlxalq Hava Limanına enməsi və səfərə məhz buradan başlaması həm simvolik, həm də strateji bir mesaj kimi qiymətləndirilə bilər.

 

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşləri güclü simvolika və siyasi mesajlarla yadda qalır. Bu baxımdan, Laçın Beynəlxalq Hava Limanında çəkilmiş bir foto da xüsusi diqqətə layiqdir.

 

Fotoda Prezident Ərdoğanın əlində “yaşıl buğda”, Prezident Əliyevin isə əlində “sarı buğda” tutduğu görünür. Adi bir detal kimi görünə biləcək bu təsvir, əslində dərin siyasi simvolizm daşıyır.

 

Ümumiyyətlə yaşıl buğda başlanğıc, ümid, inkişaf mərhələsini sarı buğda isə nəticə, məhsul, yetkinlik və uğur mərhələsini simvolizə edir. Bu kontekstdə Prezident İlham Əliyevin əlindəki sarı buğda artıq yetişmiş, nəticə mərhələsinə çatmış bir prosesi daha dəqiq ifadə etsək, Azərbaycanın torpaqlarının işğaldan azad olunmasını təmsil edir.

 

Prezident Ərdoğanın əlindəki yaşıl buğda isə hələ yetişməkdə olan, lakin böyük potensial və gələcək vədd edən bir prosesi simvolizə edir. Bu, da inkişaf mərhələsində olan Türk Dövlətləri Təşkilatı (TDT) və ümumilikdə Türk birliyi ideyası ola bilər".

 

Türkan Kərimli