Əli Həsənovun arvadına məxsus bağçada şiddət-Yenilənib

Bölmə: Hadisə › ,
Tarix: 13:10 29.05.2025

"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

 

"İnformator.az" xəbər verir ki, paylaşımda müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı qeyd olunub.

 

"Hadisə "Lənkəran Kaspi Kids" uşaq bağçasında baş verib. Müəllim uşağın başına necə vurursa, başından qan gəlir. Nə qədər vəzifəsini sevməyən, uşaq sevməyən insanlar varsa, gedib işləyirlər. Hansı valideyn bu görüntüyə dözər?", - paylaşımda qeyd olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.

 

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, sözügedən bağça Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsusdur.

 

***

 

"Lənkəran Kaspi Kids" bağçasında uşağa şiddət göstərən müəllimə işdən azad edilib.

 

Bu barədə "Kaspi" Təhsil Şirkətindən məlumat verilib.

 

Qeyd olunub ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb:

 

"Kaspi Kids" Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədir. Həmin müəssisə "Hirkan Hazırlıq Kursu" MMC tərəfindən idarə olunur. Həmin MMC "Kaspi Kids" brendi adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərirdi.

 

Bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılıb, müvafiq əməkdaş işdən azad edilib. Eyni zamanda, "Kaspi Kids" brendin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədiyi üçün "Hirkan Hazırlıq Kursu" MMC-nin françayzinq müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, bu xoşagəlməz hadisədən dərin təəssüf hissi keçiririk. Gələcəkdə bu kimi halların baş verməməsi üçün nəzarət mexanizmləri daha da gücləndiriləcək, bütün zəruri tədbirlər görüləcək".