Taksi sürücülərinin imtahan sistemi nə dərəcədə effektivdir?-EKSPERT AÇIQLAYIR

Tarix: 16:00 29.05.2025
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün taksi sürücüləri üçün imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1560 nəfər qeydiyyatdan keçib. Bu barədə DİM məlumat yayıb. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi bu testlər sürücülərin normativ-hüquqi biliklərini, etik davranış qaydalarını və peşə hazırlığını yoxlamağa xidmət edir. Artıq minlərlə sürücü bu prosesə cəlb olunub və imtahandan uğurla keçənlərə 7 il müddətinə etibarlı şəhadətnamə təqdim olunur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, təxminən bir ildir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülərin imtahana cəlb edilməsi prosesi həyata keçirilir:
“Bu müddətin ilk altı ayı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunub. Daha sonra Dövlət İmtahan Mərkəzi (DİM) bu prosesə qoşulub və imtahanlar demək olar ki, hər ay keçirilir. Bu, qanunvericiliyin tələbinə əsaslanır və burada şəxsi maraq mövcud deyil. Sürücülərin əksəriyyəti imtahanlarda iştirak etsə də, müəyyən hissəsi bu prosesə ya inamsız yanaşır, ya da ümumiyyətlə iştirak etmək istəmir.
Bəzi şəxslər hesab edir ki, imtahanda iştirak etmədən də taksi fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin bu yanaşma mövcud normativ-hüquqi aktlara ziddir. Artıq aidiyyəti qaydalar təsdiqlənib qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Qaydalar tələb edir ki, hər bir sürücü taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsə, mütləq imtahandan keçməlidir”.
Ekspert qeyd edib ki, imtahanı müvəffəqiyyətlə başa vuran sürücünün avtomobili texniki cəhətdən saz vəziyyətdə olmalı, sağlamlıq haqqında arayış və narkoloji testin nəticəsi təqdim edilməlidir:
“Bu sənədlər qaydasında olduqda, sürücüyə taksi buraxılış vərəqəsi və buraxılış kartı verilir. Bu sənədlər 7 il müddətinə qüvvədə olur və həmin müddət bitdikdən sonra yenilənir. Hazırda imtahanların nəticələri cəmiyyət tərəfindən daha normal qarşılanır. Ümumilikdə bu islahat taksi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına yönəlib və burada başqa bir məqsəd yoxdur.
Artıq müşahidə olunur ki, bu proses nəticəsində sağlamlığı imkan verməyən, narkotik maddələrdən asılılığı olan və intizamsız davranış sərgiləyən sürücülər fəaliyyət sahəsindən kənarda qalıb. Bu isə islahatın effektiv nəticə verdiyini göstərir. Gələcəkdə bu prosesin daha müsbət nəticələr verəcəyi gözlənilir”.
Əminə Əliyeva