Ermənistanla sülh sazişi: Reallıqmı ,yoxsa siyasi manevr?

Bölmə: Siyasət › ,
Tarix: 18:52 29.05.2025

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar aktuallığını qoruyur. Mayın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda verdiyi bəyanatda bildirib ki, iki ölkə arasında sülh sazişinin hazırlanması və imzalanması ilə bağlı müzakirələr davam edir. Onun sözlərinə görə, sülh müqaviləsinin tarixi razılaşdırılır və sərhədlərin delimitasiyası prosesi də sürətlənib. Beynəlxalq vasitəçilər – xüsusilə Avropa İttifaqı və Rusiya – bu prosesi yaxından izləyir və dəstək göstərirlər.


Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan hazırkı siyasi şərtlər daxilində sülh sazişini imzalamağa maraqlıdır:


“Bu, Nikol Paşinyanı gözləyən bir sıra təhlükələrdən sığortalamaq üçündür. Amma bunun qarşılığında Azərbaycanın konkret şərtləri var: Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan iddialar aradan qaldırılmalıdır. Azərbaycan hüquqi təminat olmadan belə bir sazişi imzalamaq istəmir və bu, tam haqlıdır. Çünki Ermənistan müxalifətində belə sülh sazişinin gələcəkdə ləğvi ilə bağlı planlardan danışılır. Bu şərtlər yerinə yetirilmədən razılaşma mümkün deyil”.


Politoloq sərhədlərin delimitasiyası məsələsinə də toxunub:


“Bu proseslə bağlı əsasnamə qəbul olunub, hətta parlamentdə ratifikasiya edilib. Amma praktiki baxımdan proses zəif gedir. Səbəb Ermənistanın bu məsələdə ehtiyatlı davranmasıdır. Qazaxın dörd kəndinin qaytarılması baş tutsa da, işğalda olan digər üç kəndin məsələsi açıq qalır. Ermənistan zaman qazanmağa çalışır və sülh sazişini bu müddət ərzində imzalamaq niyyətindədir. Bu, beynəlxalq ictimaiyyətdə Azərbaycanın prosesə mane olan tərəf kimi göstərilməsi cəhdi ilə bağlıdır. Amma bu da bir yerə qədər davam edə bilər. Azərbaycanın işğalda olan əraziləri tam qaytarılmadan sülh sazişi reallaşmayacaq”.


Natiq Miri, həmçinin beynəlxalq vasitəçilərin roluna da toxunaraq bildirib ki, danışıqların ikitərəfli aparılması daha məqsədəuyğundur:


“Bu prosesə kənar güclərin müdaxiləsi əlavə geosiyasi problemlər yarada bilər. İndiyədək əldə olunan bütün razılaşmalar ikitərəfli əsasda baş tutub və bu model davam etdirilməlidir. Kənar müdaxilə yeni rəqabət və maraq toqquşmaları deməkdir”.


Paşinyanın “sülh müqaviləsinin imzalanma tarixi razılaşdırılır” bəyanatına gəlincə, politoloq bildirir ki, bu daha çox daxili və beynəlxalq auditoriyaya hesablanmış bəyanatdır:


“Sazişin yeri və vaxtı əhəmiyyətli məsələ deyil. Bu, sərhəddə də baş verə bilər, yaxud neytral ölkədə – Gürcüstan, Qazaxıstan, Türkiyə kimi yerlərdə. Əsas məsələ Azərbaycanın irəli sürdüyü şərtlərin yerinə yetirilməsidir. Əks halda sazişin imzalanması mümkün deyil”.


Solmaz Muradova