Zərərçəkmiş şəxs-"Polad Həşimovla İlqar Mİrzəyevin təxliyəsi zamanı atəşə tutulduq"

Bölmə: Sosial › ,
Tarix: 20:28 29.05.2025

 

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində, 2020-ci il iyulun 14-də şəhid olan zabitlərimiz - general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən düşmən mərmisinin partlayışı nəticəsində xəsarətlər aldığını bildirib.

 

"İnformator.az"  "AZƏRTAC"a istinadən xəbər verir ki, o, təxliyənin çətin olduğunu söyləyərək deyib: "Xüsusilə vurğulamaq istəyirəm ki, düşmən artilleriyası bizim sanitar avtomobillərimizə və ümumilikdə tibb işçilərinə atəş açırdı. Bu da beynəlxalq humanitar hüquq normalarına görə qadağandır və hərbi cinayət hesab olunur.

 

Təkcə şəhidlərimiz yox, yaralanan hərbi qulluqçularımızın da təxliyəsi zamanı bütün yollar düşmən tərəfindən aramsız mərmi və minaatan atəşinə tutulurdu. İki sanitar avtomobilimiz sıradan çıxarıldı. Feldşer (hərbi həkim - red.) İlqar Zeynallı həmin hadisə zamanı şəhid oldu. Sürücümüz və iki sanitar heyət üzvümüz də yaralandı".

 

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 30-da davam etdiriləcək.