“Zəng vurub deyirdilər çıxın gedin, burada ancaq ermənilər yaşamalıdır”-Kərkicahan sakini

Tarix: 14:24 07.07.2025
İyulun 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev 1987-ci ildən etibarən Xankəndi şəhərində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər başlandığını bildirib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, Robert Koçaryanın (Ermənistanın keçmiş prezidenti – red.) bu proseslərdə fəal olduğunu vurğulayıb.
D.Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib. Həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar.
Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən erməniəsilli hərbçilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb.