Ruminasiya və zehni təkrarlama davranışı nədir?

Tarix: 21:54 29.05.2025
Ruminasiya və zehni təkrarlama davranışı — psixologiyada insanın mənfi düşüncələri, hissləri və ya hadisələri beynində təkrar-təkrar çevirməsi vəziyyətidir. Bu davranış xüsusilə depressiya, anksiyete və stress pozuntuları ilə sıx əlaqəlidir.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, Koqnitiv-davranış terapiyası ruminasiya ilə mübarizədə çox təsirlidir.
"Ruminasiya və ya zehni təkrarlama davranışı, insanın keçmişdə yaşadığı neqativ hadisələri, narahatedici düşüncələri və ya hissləri beynində təkrar-təkrar çevirməsidir. Bu proses qeyri-məhsuldar və zərərli düşünmə forması hesab olunur və tez-tez depressiya, anksiyete və travma sonrası stress pozuntuları kimi psixoloji vəziyyətlərlə müşahidə olunur.
Ruminasiya, mənfi fikirlərin, hisslərin və ya yaşanmış hadisələrin analiz adı ilə beyində dönə-dönə canlandırılmasıdır. Bu davranış depressiya, anksiyete pozuntuları, obsesif-kompulsiv pozuntu və travmadan sonra yaranan stress reaksiyaları ilə sıx əlaqəlidir. Belə insanlar sanki “keçmişdə ilişib qalır” və irəli baxmaqda çətinlik çəkirlər.
Bu davranış insanın diqqətini indiki zamandan yayındırır. İşə, dərsə, ailəyə və sosial münasibətlərə fokuslanmaq çətinləşir. Yuxu problemləri, konsentrasiya pozuntuları və motivasiya əksikliyi də tez-tez müşahidə olunur. Uzun müddətli ruminasiya psixoloji tükənməyə gətirib çıxara bilər. Əslində Məhsuldar düşünmə həll yönümlüdür, yəni, bir problemin səbəblərini anlamaq və çıxış yolları tapmaq məqsədi daşıyır. Ruminasiya isə yalnız neqativ düşüncələrin təkrarından ibarətdir, heç bir nəticəyə gətirmir və insanın emosional vəziyyətini daha da ağırlaşdırır. Daha çox həssas, özünə qarşı tənqidi olan, perfektsionist və ya travma yaşamış insanlarda müşahidə olunur. Eyni zamanda, tək qalmaq, sosial dəstəkdən uzaq olmaq və ya uzun müddət stress altında yaşamaq da bu davranışın inkişafına zəmin yaradır.
Bir neçə qeydləri eləsək daha müsbət nəticə alariq, bunlara aiddir:
Düşüncə qeydi aparmaq yəni, neqativ fikirləri yazmaq və sonra onlara obyektiv baxmaq.
Mindfulness və meditasiya, indiki zamana fokuslanmağa kömək edir. Fəaliyyətə keçmək, fiziki fəaliyyət və ya hobbilərlə məşğul olmaq. Özünü danlamaq əvəzinə, özünə anlayışla yanaşmaq. Düşüncələri yönləndirmək və “Bu fikri indi düşünmək mənə nə verir?” sualını özünə vermək.
Psixoterapiya bu davranışın əsas səbəblərini ortaya çıxarmağa və onlarla sağlam şəkildə baş etməyə yönəlir. Xüsusilə Koqnitiv-davranış terapiyası ruminasiya ilə mübarizədə çox təsirlidir. Terapiya zamanı şəxs düşüncə tələlərini tanımağı, onları dəyişdirməyi və diqqətini daha məhsuldar istiqamətlərə yönəltməyi öyrənir".
Səmayə Səftərova