“Uşaqların aqressiyası çox vaxt kömək siqnalıdır”

Bölmə: Sosial › ,
Tarix: 13:12 07.07.2025

Balaca yaşlı uşaqlarda aqressiv davranış halları son dövrlər daha çox müşahidə olunmağa başlayıb. Mütəxəssislər bildirirlər ki, bu tip davranışlar təkcə uşağın xarakteri ilə deyil, həm də onun psixoloji vəziyyəti və ətraf mühiti ilə sıx bağlıdır.

 

 

Mövzu ilə bağlı “İnformator.az” saytına açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaqlarda aqressiyanın səbəbləri çoxşaxəlidir və bu problemin vaxtında aşkarlanması böyük əhəmiyyət daşıyır:

 

“Uşaqlarda aqressiv davranış genetik, psixoloji, sosial və ailəvi faktorlarla əlaqəli ola bilər. Evdə şahid olduqları münaqişələr, valideynlərin sərt və ya etinasız münasibəti, həmyaşıdlarla münasibətlərdə yaşanan çətinliklər və diqqətə ehtiyac hissi bu davranışlara səbəb olur. Bəzən isə bu, uşağın psixoloji və ya nevroloji inkişafındakı çətinliklərdən qaynaqlanır. Belə hallarda valideynlərin ilk addımı uşağın davranışının səbəblərini anlamağa çalışmaq olmalıdır. Ən vacib məsələ: cəza yox, anlayışdır. Uşağın nə hiss etdiyini və niyə belə davrandığını öyrənmək lazımdır. Aqressiya çox vaxt uşağın içindən gələn bir "kömək siqnalıdır". Əgər bu davranışlar davamlı və ya şiddətli xarakter daşıyırsa, peşəkar psixoloji dəstəyə müraciət etmək vacibdir. Məktəb mühiti də bu prosesdə mühüm rol oynayır. Müəllimlər uşağın davranışlarını diqqətlə müşahidə etməli və onların hansı şəraitdə ortaya çıxdığını müəyyən etməlidirlər. Aqressiv uşaqları tənqid etmək və ya sərt şəkildə cəzalandırmaq əvəzinə, onların duyğularını ifadə etmələri üçün imkanlar yaradılmalıdır. Eyni zamanda məktəbdə müəllim, psixoloq və valideynlər birlikdə çalışaraq uyğun yanaşma planı qurmalıdırlar. Empatiya və duyğu tənzimi ilə bağlı təlimlər və oyunlar məktəb mühitində aqressiyanı azaltmaq üçün effektiv vasitədir. Həm də erkən müdaxilə uşağın inkişafında dönüş nöqtəsi ola bilər. Uşaq vaxtında dəstək alarsa, gələcəkdə həm özünü, həm də münasibətlərini düzgün idarə edə bilən bir fərd kimi formalaşar. Aqressiv davranışın səbəbləri erkən mərhələdə aşkarlanıb düzgün şəkildə yönləndirilərsə, bu həm uşağın, həm də ailənin rifahına müsbət təsir edər".

 

Ayan Əsgərova