Con Hili: “Böyük Britaniya Rusiya ilə müharibəyə hazırlaşır”

Tarix: 23:36 02.06.2025
Con Hili bildirib ki, Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə qarşı ciddi hazırlıqlar görür. O, təhlükəsizlik sahəsində risklərin artdığını və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu çərçivədə hökumət milli müdafiə strategiyasını yenidən nəzərdən keçirir.
Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Britaniyanın və Almaniyanın iştirakı ilə bu münaqişə dünya müharibəsinə çevrilə bilər:
“Ukrayna–Rusiya müharibəsi artıq həlledici mərhələyə çatıb. Yaxın zamanda ya atəşkəsə nail olunacaq və sülhə gediləcək, ya da indikindən daha dəhşətli bir müharibə başlayacaq ki, bu da təbii ki, Britaniya və Almaniyanın iştirakı ilə dünya müharibəsinə çevrilə bilər. Vəziyyət həm hərbi, həm də siyasi meydanda son dərəcə gərginləşib. Avropa ölkələri artıq Ukraynaya görə deyil, öz təhlükəsizliklərinə görə narahat olmağa başlayıblar.
Müharibənin ilk mərhələsində Böyük Britaniya Rusiya mediasına qarşı iqtisadi sanksiyalar tətbiq etmiş, rus oliqarxlarının aktivlərini dondurmuş və vətəndaşlarını geri çağırmışdı. Britaniya, Rusiya ilə bütün işgüzar əlaqələri kəsərək, Ukraynaya qarşı təcavüzə qəti etirazını bu şəkildə ifadə etmişdi. Rusiya isə Britaniyaya öz sanksiyaları ilə cavab vermiş və onu Sevastopol dəniz bazasına, "Şimal Axını" qaz kəmərinə və Krım körpüsünə hücumlarda iştirakda ittiham etmişdi.
Hazırda Böyük Britaniya hökuməti süni intellektin tətbiqi və düşmən dövlətlərin fəaliyyətinə qarşı kiberhücum qruplarının yaradılması üçün 1 milyard funt sterlinqdən artıq vəsait ayırmaq qərarına gəlib. Buna baxmayaraq, mən Böyük Britaniya ilə Rusiya arasında birbaşa hərbi qarşıdurmanın baş verəcəyini ehtimal etmirəm. Hələlik məsələlər bu həddə çatmayıb. Müdafiə naziri Con Hilinin bəyanatı, təbii ki, Ukrayna–Rusiya müharibəsinin tərkib hissəsi kimi və Ukraynaya dəstək jesti kimi qiymətləndirilir. Şübhəsiz ki, NATO-nun da burada rolu var".
Ekspert həmçinin qeyd edib ki, əgər məsələ real və birbaşa müharibə həddinə çatarsa, NATO-nun müdaxiləsi də müzakirə mövzusu ola bilər:
“Nəticə olaraq deyə bilərik ki, Con Hilinin çıxışı Britaniyanın bu sahədə hücum xarakterli haker fəaliyyətini genişləndirmək niyyətində olduğunu açıq şəkildə göstərir. Yəni, artıq bu müharibədə ciddi mərhələyə keçid baş verir. Almaniyanın da oxşar planları həyata keçirmək niyyətində olduğu barədə məlumatlar mövcuddur. Bu, Avropanın Rusiya ilə münasibətlərinin son dərəcə gərginləşdiyini, hətta müharibə həddinə çatdığını göstərir.
Bu gün Ukrayna tərəfi Rusiya daxilindəki hərbi bazalara sarsıdıcı dron zərbələri endirib. Zərbələrin məhz Rusiya ərazisindən dronlar vasitəsilə həyata keçirilməsi, kəşfiyyat və əks-kəşfiyyat məsələsində də Avropa dövlətlərinin Ukraynaya daha ciddi dəstək verdiyini göstərir. Britaniya və Almaniya ilə Rusiya arasında birbaşa müharibəni istisna etsəm də, münasibətlərin müharibə həddində gərginləşəcəyini ehtimal edirəm. Bu savaşın həlledici mərhələsinə indi daxil olunub. Çalışılır ki, Rusiyanın geri çəkilməsi üçün ciddi və təsirli zərbələr endirilsin. Bu da böyük ehtimalla yaxın iki həftə ərzində həyata keçiriləcək ki, Türkiyədə baş tutacaq danışıqlar prosesində Ukrayna üstünlük qazansın".
Gülhüseynova Güllər