Ərdoğan Ukrayna ilə bağlı sammit çağırır

Bölmə: Siyasət › ,
Tarix: 20:48 03.06.2025

Ukraynada münaqişənin həlli ilə bağlı Türkiyə prezidentinin təşəbbüsü əsasında keçirilən sammit yaxın vaxtlarda baş tuta bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Türkiyə diplomatiyasının fəallığı bu məsələdə kifayət qədər nəzərə çarpır:

 

"Burada əsas motivasiya, məncə, Donald Trump-dan gəlir. O, Moskva ilə Kiyev arasında danışıqları bütün səviyyələrdə dəstəkləyir, sülh çağırışlarını artırır və əgər Putinlə Zelenski arasında görüş olsa, bu görüşdə iştirak etmək üçün Türkiyəyə gəlməyə hazır olduğunu bildirir. Ancaq belə bir görüşün reallaşma ehtimalı yüksək görünmür. Rəcəb Tayyib Ərdoğan da bu səbəbdən sammitin keçirilməsinə cəhd göstərir ki, ciddi bir format formalaşsın, həm diplomatik qazanc əldə etsin, həm də göstərsin ki, Ankara regionda təhlükəsizlik və inteqrasiyanın möhkəmlənməsi istiqamətində mövqe tutur. Ukrayna və Rusiya bu təşəbbüsə eyni həvəslə yanaşmır. Zelenski bu məsələyə daha hazırlıqlı və həvəsli görünür. Amma Rusiya tərəfi üçün eyni fikri demək çətindir, xüsusilə də son hava hücumlarından sonra. Bu hücumlar nəticəsində Rusiyanın hərbi-strateji aviasiyası ciddi zərər görüb, sualtı nüvə silahı daşıyan gəmiləri məhv edilib. Bu vəziyyət Rusiya qarşısında ciddi seçim qoyur: hansı cavabı verəcək və itkilərin əvəzini necə çıxacaq?

 

Hazırda Rusiyanın Sumı vilayətinə 50 minlik hərbi kontingent cəmləməsi güclü hücuma hazırlıq siqnalı verir. Bu həm hücum, həm də əks-hücum ola bilər. Amma nəticə nə olacaq, onu zaman göstərəcək. Avropa ölkələri müharibənin davam etməsində maraqlıdır. Trump müharibənin dayanmasını istəyir. Brüssel və Avropanın əsas dövlətləri isə Zelenskini inandırmağa çalışır ki, strateji təşəbbüs Ukraynanın tərəfinə keçə bilər. Lakin bu, şübhəli məsələdir. Avropa üçün əsas məqsəd müharibənin dayanması yox, Rusiyanın zəifləməsidir. Hazırda hərbi əməliyyatlar ölkələrin strateji potensialını ciddi şəkildə işə salır və onlar bu potensialı bərpa etməyə çalışırlar. Zelenskinin əsas ümidi Avropanın arxasında dayanmasıdır. Brüssel və NATO rəhbərliyi bildirir ki, Ukrayna yaxın zamanda həm Avropa İttifaqına, həm də NATO-ya üzv ola bilər. Amma bu real görünmür. Çünki Ukraynanın gələcəyi hələ də qeyri-müəyyəndir. Bu ölkə necə olacaq? Bölünmüş, federativ, yoxsa tam suveren? Bu sualların cavabları hələ məlum deyil. Ola bilsin, bu cavablar yalnız müharibə bitəndən və yeni rəhbərlik formalaşandan sonra ortaya çıxacaq. Türkiyəyə gəldikdə, düşünürəm ki, Ankara düzgün mövqe tutub. Bütün tərəfləri bir araya gətirməyə, platforma yaratmağa çalışır. Məqsəd ondan ibarətdir ki, tərəflər birlikdə düşünərək bu çıxılmaz vəziyyətdən necə çıxmaq barədə qərar versinlər. Müharibənin uzanması Avrasiya məkanında iqtisadi və ticari əlaqələri iflic edir, yeni problemlər yaradır, itkiləri artırır. Nəticədə regionun qlobal sistemə təsiri zəifləyir.Belə bir şəraitdə mümkündür ki, Rusiya sammitdə iştirak etməyə razılıq versin. Amma hansı səviyyədə təmsil olunacağı əsas məsələdir. Əgər Zelenski tədbirə qatılarsa və Putin bu görüşə mane olarsa, nəticə əldə olunmayacaq. Putin daha əvvəl bəyan edib ki, Zelenski ilə bir masa arxasında oturmayacaq. Bu proseslərin həm texniki, həm də siyasi-ideoloji tərəfi var. Əsas məsələ odur ki, kim danışıqlara rəhbərlik edəcək, kim hansı səviyyədə iştirak edəcək? Gedişat buna bağlıdır".

 

Qəmər Kazımzadə