Tramp Britaniyaya ticarət razılaşması üçün beş həftə möhlət verib

Bölmə: Dünya › ,
Tarix: 17:25 04.06.2025

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya ticarət razılaşmasını yekunlaşdırmaq üçün beş həftə vaxt verib. Ağ Evin yaydığı açıqlamada bildirilir ki, yeni tənzimləməyə əsasən, Britaniya razılaşma şərtlərinə əməl etmədiyi təqdirdə, ABŞ tarifləri 50 faizədək artırmaq hüququnu özündə saxlayır.

 

Bu, əvvəlki 25 faizlik tariflərin ləğvi ilə bağlı danışıqlarda müəyyən irəliləyişlər əldə olunsa da, əlavə məhdudiyyətlərin hələ də gündəmdə olduğunu göstərir.

 

Bloombergin məlumatına görə, Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds danışıqları sürətləndirmək məqsədilə Parisdə ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qri ilə görüş keçirib. Görüş zamanı tərəflər tarif sazişlərinin tezliklə həyata keçirilməsini müzakirə edərək, razılığa gəliblər ki, hər iki ölkənin biznesləri və istehlakçıları yaxın vaxtlarda bu razılaşmanın faydalarını hiss etməyə başlamalıdırlar.

 

Böyük Britaniyanın polad sənayesi dəfələrlə xəbərdarlıq edib ki, ABŞ-yə ixracata tətbiq olunan yüksək tariflər, azalan istehsal gücü və zəif daxili tələbat fonunda yerli fabriklərin fəaliyyətini ciddi təhlükə altına alır.

 

Mənbə :Caliber

Aytən Ağazadə